Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur. Azərbaycan Ordusunun əsası 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə yaradılan Əlahiddə Azərbaycan Korpusu ilə qoyulub. Məhz bu tarix sonradan Silahlı Qüvvələr Günü kimi rəsmiləşdirilib.
1918-ci ildə yaradılan Milli Ordu qısa müddətdə mühüm uğurlara imza atıb. Həmin ilin sentyabrın 15-də Azərbaycan hərbçiləri Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik qüvvələrindən azad ediblər. Lakin 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Milli Ordu ləğv olunub, çoxsaylı hərbçilər repressiyalara məruz qalıblar.
Müasir Azərbaycan Ordusunun formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin təşəbbüsü ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəb yaradılıb, milli zabit kadrlarının hazırlanmasına xüsusi diqqət yetirilib. Müstəqillik illərində isə Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu yeni mərhələyə qədəm qoyub, Silahlı Qüvvələrin döyüş qabiliyyəti və peşəkarlığı artırılıb.
1994-cü ilin yanvarında Azərbaycan Ordusu Horadiz qəsəbəsini və bir sıra yaşayış məntəqələrini işğaldan azad edərək ilk böyük uğurunu qazanıb. 1998-ci il mayın 22-də Heydər Əliyevin imzaladığı Fərmanla 26 İyun rəsmi olaraq Silahlı Qüvvələr Günü elan edilib.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu daha da güclənib, ən müasir silah və hərbi texnika ilə təchiz olunub. Aparılan islahatlar nəticəsində ordumuz regionun ən qüdrətli silahlı qüvvələrindən birinə çevrilib.
Azərbaycan Ordusunun gücü 2020-ci ildə 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirildi.
Bu gün Azərbaycan xalqı dövlətimizin müstəqilliyinin və ərazi bütövlüyünün əsas təminatçısı olan Ordumuzla qürur duyur. Qəhrəman əsgər və zabitlərimiz ölkəmizin təhlükəsizliyinin qorunması naminə şərəflə xidmətlərini davam etdirirlər.
MONETAR.AZ