7 sentyabr – Ümumdünya hərbi oyuncaqların məhv edilməsi günüdür

7 sentyabr – Ümumdünya hərbi oyuncaqların

Sentyabrın 7-si Ümumdünya hərbi oyuncaqların məhv edilməsi günü kimi qeyd olunur.

Monetar.az xəbər verir ki, bu günün əsas məqsədi uşaqları hərbi oyuncaqlardan uzaqlaşdırmaq və onları daha fərqli oyuncaqlarla əvəz etməyə təşviq etməkdir.

Təşəbbüs 1988-ci ildə Ümumdünya Yetimlərə və Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Yardım Assosiasiyasının təşəbbüsü ilə irəli sürülüb. Bu çərçivədə tapança, avtomat, qılınc, tank və digər hərbi oyuncaqların konstruktor, yumşaq oyuncaq, stolüstü oyun və digər vasitələrlə əvəzlənməsi təklif olunur.

Hərbi oyuncaqların uşaqların psixologiyasına təsiri ilə bağlı isə müxtəlif fikirlər mövcuddur. Bəzi mütəxəssislər bu cür oyunların uşaqlarda aqressiya yaratmadığını, əksinə, onların təxəyyülünü və sosial bacarıqlarını inkişaf etdirə bildiyini bildirirlər.

Digər yanaşmaya görə isə hərbi məzmunlu oyuncaqlar uşaqlarda zorakılığa qarşı həssaslığın azalmasına və aqressiv davranışların formalaşmasına təsir göstərə bilər.

Bu səbəbdən 7 sentyabr ilk növbədə uşaqların hansı oyuncaqlarla oynaması və həmin oyuncaqların onların dünyagörüşünə necə təsir göstərə biləcəyi barədə düşünmək üçün bir gündür.