ABŞ və Aİ arasında avtomobil rüsumları gərginliyi artır

ABŞ və Aİ arasında avtomobil rüsumları

Avropa İttifaqı (Aİ), ABŞ prezidenti Donald Trampın Avropadan idxal olunan avtomobillər və yük maşınlarına 25 % gömrük rüsumu tətbiq edəcəyi ilə bağlı təhdidini həyata keçirəcəyi təqdirdə cavab addımları atmağa hazırlaşır.

Məlumata görə, Aİ ölkələrinin maliyyə nazirləri vəziyyəti müzakirə edərək mümkün bütün variantların nəzərdən keçiriləcəyini bildiriblər. Bununla belə, Avropa tərəfi ABŞ-la mövcud ticarət razılaşmasını qorumağa və gərginliyi artırmamağa üstünlük verir.

Almaniyanın maliyyə naziri və vitse-kansler Lars Klinqbayl bildirib ki, Avropanın mövqeyi aydındır:
“Biz eskalasiyanı istəmirik, ABŞ-la birgə həll tapmaq istəyirik. Lakin vəziyyət gərginləşərsə, buna hazır olacağıq.”

Fransa maliyyə naziri Roland Leskür də oxşar mövqe sərgiləyərək Aİ-nin əsas məqsədinin mövcud ticarət sazişinin icrası olduğunu qeyd edib.

Məsələ Avropa və ABŞ arasında ticarət münasibətlərini daha da gərginləşdirib. Əvvəlcə tərəflər ötən ilin iyulunda razılaşma əldə etsələr də, Avropa Parlamenti sənədi hələ ratifikasiya etməyib. ABŞ tərəfi isə Aİ-nin öhdəlikləri tam yerinə yetirmədiyini iddia edir, Avropa rəsmiləri isə bu fikri rədd edirlər.

Mütəxəssislər bildirirlər ki, hər iki tərəf ehtiyatlı davranmağa çalışsa da, mümkün tarif artımı transatlantik ticarət münasibətlərində yeni eskalasiya riskini artırır.

MONETAR.AZ