Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ və İsrailin növbəti 24 saat ərzində İrana qarşı hərbi əməliyyatları yenidən başlada biləcəyini gözləyir. Bu barədə CNN-ə istinadən Investinglive məlumat yayıb.
Bildirilir ki, son sutka ərzində Yaxın Şərqdə gərginlik kəskin şəkildə artıb və bu proses yeni eskalasiya mərhələsinə keçə bilər. Eyni zamanda, ABŞ-a məxsus döyüş təyyarələrinin BƏƏ və Fars körfəzi ölkələri üzərində havaya qaldırıldığı, onların raketlərin və pilotsuz uçuş aparatlarının qarşısının alınması üçün patrul missiyalarında istifadə oluna biləcəyi qeyd edilir.
Məlumata görə, bu vəziyyət neft bazarlarında da ciddi narahatlıq yaradıb və xüsusilə Brent neftinin qiymətində kəskin artım riski müşahidə olunur.
BƏƏ Müdafiə Nazirliyi bundan əvvəl İrandan gələn qanadlı raketlərin qeydə alındığını açıqlamış, ölkənin hava hücumundan müdafiə sistemlərinin “raket təhlükəsinə” qarşı hərəkətə keçdiyini bildirmişdi. İran tərəfi isə bu hücumlarda iştirak etdiyini təkzib edib.
Regionda artan hərbi gərginlik enerji bazarları, xüsusilə neft və qaz qiymətləri üzərində əlavə təzyiq yaradır və qlobal bazarlarda qeyri-müəyyənliyi gücləndirir.
MONETAR.AZ