ABŞ-da mazut (heating oil) fyuçersləri hər qallon üçün 4,1 dolları keçərək mart ayının sonlarında qeydə alınmış 4,5 dollarlıq rekord səviyyəyə yaxınlaşıb.
Qiymət artımının əsas səbəbi ABŞ və İran arasında gərginliyin yenidən artması fonunda distillat yanacaq qıtlığının daha da dərinləşəcəyi ilə bağlı narahatlıqlardır. Məlumata görə, BƏƏ ərazisi ABŞ-İran atəşkəsindən sonra ilk dəfə İran raketlərinin hədəfi olub və bölgədə fəaliyyət göstərən enerji infrastrukturu zərər görüb.
Eyni zamanda, İranın ABŞ Hərbi Dəniz Qüvvələrinə hücumu və Hörmüz boğazından ABŞ bayraqlı gəmilərin keçidi ilə bağlı xəbərlər yayılsa da, tərəflər bu məlumatları təkzib edir.
Mart ayında başlayan münaqişədən sonra Hörmüz boğazı vasitəsilə neft və neft məhsullarının ixracı demək olar ki, dayanıb. Bu vəziyyət Avropa və Asiya neft emalı zavodlarını benzin istehsalı ilə yanaşı dizel və aviasiya yanacağı istehsalını artırmağa məcbur edib.
Yanacaq çatışmazlığı artıq real təsirlərini göstərməkdədir. Avropanın aparıcı aviaşirkətləri minlərlə uçuşu ləğv edib, Asiyada isə qıtlıq səbəbindən Çin yenidən dizel ixracına başlayıb.
Mövcud vəziyyət enerji bazarlarında qeyri-müəyyənliyin davam etdiyini və qiymətlərin yüksək səviyyədə qalacağını göstərir.
MONETAR.AZ