Bu ayın əvvəlində ABŞ prezidenti Donald Tramp süni intellekt çiplərinin müəyyən növlərinə, o cümlədən Nvidia-nın H200 adlı İİ prosessoruna və Advanced Micro Devices (AMD) şirkətinin analoji modelinə 25 faiz gömrük rüsumu tətbiq edib.
Yarımkeçirici sənayesi üzrə doqquz aylıq araşdırmadan sonra verilən bu qərar, ABŞ-da çip istehsalının genişləndirilməsinə və xüsusilə Tayvan kimi xarici tədarükçülərdən asılılığın azaldılmasına yönəlmiş daha geniş strategiyanın tərkib hissəsi kimi qiymətləndirilir.
Ağ Evin nümayəndələri sonradan açıqlayıblar ki, rüsumlar məhdud xarakter daşıyacaq. Belə ki, ABŞ-dəki data-mərkəzlərdə istifadə üçün idxal olunan çiplərə və digər avadanlıqlara bu rüsumlar şamil edilməyəcək. Qeyd olunur ki, bu data-mərkəzlərin bir çoxunda İİ modellərini işlədən yüksək məhsuldarlıqlı prosessorlar mövcuddur. Tramp administrasiyasının bəyanatına əsasən, ticarət naziri Hovard Lutnik digər istisnalarla bağlı da geniş səlahiyyətlərə malik olacaq.
Bu addım Trampın Çin istehsalı yarımkeçiricilərə rüsum tətbiq ediləcəyi ilə bağlı əvvəlki vədindən sonra atılıb. Həmin qərarın icrası 2027-ci ilin iyun ayına qədər təxirə salınıb. Prezident ötən il həmçinin Nvidia-ya satışlardan pay almaq şərti ilə H200 çiplərinin Çinə ixracına icazə verə biləcəyini bildirmişdi. Lakin bu yanaşmanın Konstitusiyada nəzərdə tutulan ixrac rüsumları qadağasını pozub-pozmayacağı ilə bağlı suallar yaranıb.
Buna baxmayaraq, Wolfe Research analitiklərinin fikrincə, Ağ Evin mövqeyi ABŞ və Çin arasında süni intellekt sahəsində rəqabətin getdikcə milli təhlükəsizlik məsələsinə çevrildiyini göstərir.
Analitiklər, o cümlədən Stefani Rot qeyd ediblər ki, bu reallıq xüsusilə COVID-19 pandemiyası dövründə özünü göstərib. Həmin vaxt çip tədarükündə yaranan məhdudiyyətlər qlobal iqtisadiyyatın bu komponentlərdən nə dərəcədə asılı olduğunu üzə çıxarıb.
“Sİ sahəsində liderlik texnoloji üstünlük, hərbi imkanlar və iqtisadi artım baxımından həlledici əhəmiyyət daşıyır”, – deyə analitiklər bildiriblər.
Onların sözlərinə görə, ABŞ ən böyük və ən güclü İİ modellərinin hazırlanmasında hələ də “açıq lider” olaraq qalır. Çin isə əsasən dövlət tərəfindən yönləndirilən, kapital tutumlu siyasət hesabına irəliləyiş əldə edib. Pekin, eyni zamanda, avadanlıq məhdudiyyətləri şəraitində daha səmərəli, optimallaşdırılmış və “kifayət qədər yaxşı” modellərin daha sürətlə yayılması yolu ilə rəqabət aparmağa çalışır.
MONETAR.AZ