BMT yeni qlobal fəlakət barədə xəbərdarlıq edib

BMT yeni qlobal fəlakət barədə

Hər il təxminən dörd milyard insan ciddi su çatışmazlığı ilə üzləşir və dünya “qlobal su iflası dövrünə” daxil olub. Bu barədə BMT Universitetinin Su Resursları, Ətraf Mühit və Sağlamlıq İnstitutu tərəfindən hazırlanan hesabatda bildirilir.

Hesabatın müəllifləri qeyd edirlər ki, Yaxın Şərq və Şimali Afrikada su vəziyyəti artıq çox ağırdır. Cənubi Asiyanın bir sıra bölgələrində yeraltı suların səviyyəsi xroniki olaraq azalır, ABŞ-da isə Kolorado çayı “su böhranının simvolu”na çevrilib.

“Həddindən artıq çox regionlar öz hidroloji imkanlarının hüdudlarını aşır, bir çox əsas su sistemləri isə artıq iflasa uğrayıb,” – deyə hesabatın baş müəllifi, BMT Universitetinin Su, Ətraf Mühit və Sağlamlıq İnstitutunun direktoru Kave Madani bildirib.

Hesabat müəllifləri diqqət çəkirlər ki, son 50 ildə bataqlıqların sahəsi Avropa Birliyi qədər azalaraq yox olub, buzlaqların 30%-dən çoxu əriməyə başlayıb və onlarla böyük çay ilin müəyyən dövrlərində dənizə çatmır.

Bundan əlavə, üç milyard insan su ehtiyatlarının azaldığı bölgələrdə yaşayır, amma həmin bölgələr dünya istehsalının yarısına sahibdir. 2022–2023-cü illərdə isə 1,8 milyard insan quraqlıq şəraitində yaşayıb.

BMT vurğulayır ki, “su iflası” qlobal bir fenomendir, çünki su çatışmazlığı səbəbindən kənd təsərrüfatında yaranan problemlər bir bölgədə dərhal dünya bazarlarına təsir edir və qlobal ərzaq təhlükəsizliyini təhdid edir.

“Su iflasının reallığını qəbul etməklə biz nəhayət çətin qərarlar qəbul edə bilərik ki, insanları, iqtisadiyyatı və ekosistemləri qoruyaq. Gecikdikcə su çatışmazlığı daha da dərinləşir,” – Madani bildirib.

Əvvəllər alimlər belə qənaətə gəlmişdi ki, Qərbi Antarktidada yerləşən Tuaytsa buzlağı əvvəlkindən daha sürətlə əriməkdədir. O, “Qiyamət günü buzlağı” (ing. Doomsday Glacier) adı ilə tanınır, çünki onun sürətli əriməsi qlobal dəniz səviyyəsinin ciddi yüksəlməsinə səbəb ola bilər və bu, dünyada qlobal fəlakət təhlükəsi yaradır.

MONETAR.AZ