2025-ci il Qlobal Sülh İndeksinin (Global Peace Index – GPI) hesabatına əsasən, dünyada zorakılığın iqtisadi təsiri 19,97 trilyon ABŞ dollarına çatıb. Bu göstərici qlobal ÜDM-in 11,6 faizinə bərabər olmaqla, adambaşına orta hesabla 2455 dollar təşkil edir.
İqtisadiyyat və Sülh İnstitutunun (IEP) açıqladığı hesabatda mövcud vəziyyət “Böyük Parçalanma” dövrü kimi xarakterizə olunur. Bu mərhələ lokal münaqişələrin beynəlxalq xarakter alması və qlobal konsensusun zəifləməsi ilə səciyyələnir.
Hesabatın ən narahatedici göstəricisi insan itkisi ilə bağlıdır. GPI-nin tətbiq olunduğu 2008-ci ildən bəri münaqişələrdə həlak olanların iqtisadi təsiri 421 faiz artıb. 2024-cü ilin məlumatlarına görə, bu itkilərin böyük hissəsi Ukrayna, Rusiya və Fələstin ərazilərində qeydə alınıb. Bu fakt müasir ənənəvi müharibələrin 2000-ci illərin əvvəllərindəki üsyan xarakterli qarşıdurmalarla müqayisədə daha dağıdıcı olduğunu göstərir.
Eyni zamanda, 2008–2024-cü illər arasında iqtisadi təsirdə ən çox artım qeydə alınan digər sahələr münaqişələr nəticəsində ÜDM itkiləri (412 faiz) və qaçqınlar, eləcə də məcburi köçkünlərlə bağlı xərclərdir (212 faiz). Ümumilikdə, bu üç kateqriya üzrə iqtisadi yükün üç-beş dəfə artdığı bildirilir.
Monetar.az