Azərbaycanda "Aviasiya haqqında" qanuna dəyişiklik təsdiqlənib

Azərbaycanda "Aviasiya haqqında" qanuna

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi "Aviasiya haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Qanuna edilən dəyişikliyə əsasən, hava məkanından istifadə və uçuş qaydaları ilə yanaşı, çox yüngül uçuş aparatlarının hava məkanından istifadəsi və uçuş qaydaları da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək.

Dövlət başçısı bununla yanaşı, yenilənmiş qanunun tətbiqi və əlaqədar məsələlərin tənzimlənməsi haqqında fərman da imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti çox yüngül uçuş aparatlarının hava məkanından istifadəsi və uçuş qaydalarının pozulmasına görə məsuliyyətin müəyyən edilməsi ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayaraq Prezidentə təqdim etməlidir.

Hökumət, həmçinin "Aviasiya haqqında" qanunun 56.5-ci maddəsinə uyğun olaraq, Dövlət Mühafizə Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və Dövlət Turizm Agentliyinin təkliflərini nəzərə almaqla, çox yüngül uçuş aparatlarının hava məkanından istifadəsi və uçuş qaydalarını üç ay müddətində təsdiq etməli və bu barədə dövlət başçısına məlumat verməlidir. Eyni zamanda, yeni qanundan irəli gələn digər məsələlərin həlli də təmin olunmalıdır.

Yeni qaydalarda aşağıdakı məsələlər əhatə ediləcək:

  • çox yüngül uçuş aparatlarının texniki göstəricilərinə dair tələblər;
  • uçuş aparatlarının və onların istismarçılarının qeydiyyatı, həmçinin qeydiyyatdan azad edilmə halları;
  • uçuş aparatlarını idarə edən şəxslər üçün yaş, hazırlıq, tibbi yararlılıq və peşə hazırlığı tələbləri, eləcə də idarəetmə hüququ verən sənədlərin verilməsi mexanizmi;
  • uçuşlara icazə verilən, məhdudlaşdırılan və qadağan edilən ərazilərin müəyyənləşdirilməsi meyarları, o cümlədən dövlət sərhədi, hərbi və strateji obyektlər, hava limanları və digər xüsusi rejimli zonalar üzərində uçuşların tənzimlənməsi;
  • uçuş aparatlarından kommersiya, qeyri-kommersiya, şəxsi, idman və turizm məqsədləri ilə istifadənin xüsusiyyətləri;
  • uçuşların təhlükəsizliyinə dair tələblər, o cümlədən əvvəlcədən razılaşdırma və məlumatlandırma prosedurları;
  • uçuş aparatlarının texniki yararlılığı, istismarı və dövri texniki baxışına dair tələblər;
  • uçuş aparatlarının istismarçılarının və uçuşlarda iştirak edən şəxslərin hüquq və vəzifələri.

Qəbul edilən dəyişikliklər Azərbaycanda çox yüngül uçuş aparatlarının, o cümlədən fərdi, idman və turizm məqsədilə istifadə olunan hava vasitələrinin istismarının hüquqi əsaslarını daha dəqiq müəyyənləşdirməyə və uçuş təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.