2026-cı ilin yanvar–iyun aylarında Azərbaycanda mehmanxana və digər yerləşdirmə obyektlərində qeydə alınan gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,3% azalaraq 1 milyon 807,9 minə enib.
Məlumatlara görə, hesabat dövründə Azərbaycan vətəndaşları mehmanxana və digər yerləşdirmə obyektlərində 738,1 min gecələmə keçiriblər. Bu, ümumi gecələmələrin 40,8%-ni təşkil edib.
İlk altı ay ərzində mehmanxana və digər yerləşdirmə obyektlərinin ümumi gəlirləri də azalma nümayiş etdirib. Sektorun gəlirləri illik müqayisədə 3,8% azalaraq 279 milyon manata düşüb.
Əldə olunan gəlirlərin strukturunda yerləşdirmə xidmətləri əsas paya sahib olub. Ümumi gəlirlərin 61,1%-i yerləşdirmə xidmətlərindən, 26,7%-i ictimai iaşə xidmətlərindən, 3,2%-i müalicə-sağlamlıq xidmətlərindən, qalan 9%-i isə digər xidmətlərdən formalaşıb.
Eyni zamanda, ölkə üzrə mehmanxanaların orta birdəfəlik doluluq səviyyəsi də aşağı düşüb. Bu göstərici ötən ilin müvafiq dövründəki 21,4%-dən 2026-cı ilin ilk yarısında 19,3%-ə geriləyib.
Doluluq səviyyəsinin ən yüksək olduğu bölgələr bunlar olub:
- Naftalan — 41,7%;
- Şabran — 34,1%;
- Neftçala — 30,8%;
- Sabirabad — 29,6%;
- Bakı — 29,4%;
- Qusar — 26,7%.
Digər regionların əksəriyyətində mehmanxanaların orta doluluq səviyyəsi 20%-dən aşağı olub, bir çox rayonlarda isə bu göstərici 15%-i belə keçməyib.
Məlumatlar göstərir ki, 2026-cı ilin ilk yarısında ölkənin yerləşdirmə sektorunda həm turist axınının, həm də xidmət gəlirlərinin azalması müşahidə olunub ki, bu da mehmanxanaların doluluq səviyyəsinə birbaşa təsir göstərib.
MONETAR.AZ