Kompleksin zəbt edilməsindən sonra Liviya neft hasilatını dayandırıb

Kompleksin zəbt edilməsindən sonra Liviya

Liviyada etirazçıların Mellita neft-qaz kompleksini zəbt etməsindən sonra ölkənin dövlətə məxsus Milli Neft Korporasiyası (NOC) "El-Fil" yatağında neft hasilatını tam, "Vafa" neft-qaz yatağında isə fəaliyyəti qismən dayandırıb.

NOC-un yaydığı məlumata görə, etirazçılar çərşənbə axşamı səhər saatlarında Mellita kompleksinə daxil olaraq obyektə nəzarəti ələ keçiriblər. Nəticədə kompleksin bütün istehsal və emal əməliyyatları dayandırılıb.

Liviya neft sənayesi 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra yaranmış siyasi qeyri-sabitlik, təhlükəsizlik problemləri və texniki fasilələr səbəbindən mütəmadi olaraq hasilat və ixrac kəsintiləri ilə üzləşir.

NOC bildirib ki, Mellita kompleksinin fəaliyyətinin dayanması yalnız neft sektoruna deyil, ölkənin enerji təhlükəsizliyinə də ciddi risk yaradır. Şirkətin məlumatına əsasən, istehsalın dayandırılması elektrik stansiyalarının fəaliyyəti üçün zəruri olan təbii qaz və digər yanacaq növlərinin tədarükündə kəskin çatışmazlıq yaradıb. Bunun nəticəsində artıq bir neçə elektrik generatoru fəaliyyətini dayandırıb.

"NOC" xəbərdarlıq edib ki, mövcud vəziyyət davam edərsə, ölkənin vahid elektrik enerjisi sistemində qeyri-sabitlik daha da dərinləşəcək, əlavə generator aqreqatlarının dayanmasına səbəb olacaq və nəticədə genişmiqyaslı elektrik kəsintisi (blackout), hətta enerji sisteminin tam çökməsi riski yaranacaq.

Tripolidə yerləşən Milli Birlik Hökuməti bəyan edib ki, Baş nazir Əbdülhəmid əd-Dbeybə təhlükəsizlik qüvvələrinə Mellita kompleksi üzərində nəzarətin operativ şəkildə bərpa olunması, təbii qaz tədarükünün yenidən təmin edilməsi və elektrik stansiyalarına qaz ötürülməsinin dərhal bərpası barədə göstəriş verib.

"El-Fil" neft yatağının sutkalıq hasilat gücü normal istismar şəraitində 80–90 min barel təşkil edir və bu yataq Liviyanın mühüm xam neft istehsalı aktivlərindən biri hesab olunur.

Mellita neft-qaz kompleksi NOC ilə İtaliyanın Eni şirkətinin birgə müəssisəsi (Joint Venture – JV) çərçivəsində idarə olunur və ölkənin həm neft hasilatı, həm də təbii qaz ixracı infrastrukturunun əsas strateji obyektlərindən biri sayılır.

MONETAR.AZ