Dünyada kömür istehlakı 2025-ci ildə ardıcıl altıncı dəfə rekord həddə çatıb. Bu barədə Energy Institute tərəfindən hazırlanan “Statistical Review of World Energy 2026” hesabatında bildirilir.
Hesabata əsasən, 2025-ci ildə qlobal ilkin kömür istehlakı 166 eksacoul (EJ) təşkil edib. Dünyada ən çox kömür istehlak edən ölkə Çin olub. Ölkədə kömür istehlakı 92,24 eksacoul səviyyəsində qeydə alınıb ki, bu da qlobal istehlakın 55,6 faizinə bərabərdir. Beləliklə, Çin təkbaşına dünyanın qalan bütün ölkələrinin birlikdə istifadə etdiyindən daha çox kömür istehlak edib.
İkinci yerdə Hindistan qərarlaşıb. Bu ölkənin kömür istehlakı 23,07 eksacoul və ya dünya üzrə ümumi istehlakın 13,9 faizi təşkil edib. Hesabata görə, Çin və Hindistan birlikdə dünya üzrə kömür istehlakının təxminən 70 faizini formalaşdırır.
Siyahıda üçüncü yeri ABŞ (8,73 eksacoul), dördüncü yeri İndoneziya (5,15 eksacoul), beşinci yeri isə Yaponiya (4,36 eksacoul) tutub. Sonrakı sıralarda Cənubi Afrika Respublikası, Rusiya, Cənubi Koreya, Vyetnam və Türkiyə yer alıb.
Məlumata görə, Asiya ölkələri qlobal kömür tələbatının əsas hərəkətverici qüvvəsi olaraq qalır. Xüsusilə İndoneziya və Vyetnam son on ildə elektrik enerjisinə artan tələbatı ödəmək məqsədilə kömürlə işləyən elektrik stansiyalarının gücünü artırıb. Nəticədə hər iki ölkədə kömür istehlakı 2015-ci illə müqayisədə iki dəfədən çox artıb.
Hesabatda qeyd olunur ki, Çin və Hindistanda kömürlə elektrik istehsalı son 50 ildən artıq dövrdə ilk dəfə azalsa da, digər inkişaf etməkdə olan Asiya ölkələrində istehlakın artması qlobal tələbatın yüksəlməsinə səbəb olub.
ABŞ-da isə 2025-ci ildə təbii qazın bahalaşması bəzi elektrik istehsalçılarının yenidən kömürdən istifadəyə üstünlük verməsinə gətirib çıxarıb. Nəticədə ölkədə kömür istehlakı əvvəlki illə müqayisədə 10 faiz artıb.
Bununla yanaşı, Avropanın inkişaf etmiş ölkələrinin əksəriyyətində kömür istehlakı azalmaqda davam edir. Almaniya, Polşa və Çexiya qitənin ən iri kömür istehlakçıları sırasında qalsa da, digər Avropa ölkələrinin qlobal istehlakdakı payı nisbətən aşağıdır.
Mütəxəssislərin fikrincə, bərpa olunan enerji mənbələrinə investisiyaların artmasına baxmayaraq, kömür hələ də dünya üzrə elektrik enerjisi istehsalının əsas mənbələrindən biri olaraq qalır və bir çox ölkələrin enerji sistemində mühüm rol oynayır.
MONETAR.AZ