Dünya bazarında neftin qiyməti bazar ertəsi enişini davam etdirərək bir barel üçün 82 dollara yaxınlaşıb. Bu, son bir həftənin ən aşağı səviyyəsi hesab olunur.
Monetar.az xəbər verir ki, qiymətlərin azalmasına Yaxın Şərqdə gərginliyin yaxın vaxtlarda səngiyə biləcəyi ilə bağlı gözləntilər təsir göstərib.
ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqların müsbət keçdiyini və tərəflər arasında razılaşma əldə olunması ehtimalının olduğunu bildirib. Bununla yanaşı, o qeyd edib ki, danışıqlar nəticəsiz qalacağı təqdirdə ABŞ hərbi əməliyyatları bərpa edə bilər.
ABŞ ötən cümə günü İrana qarşı hərbi zərbələri dayandırıb. Tehran isə cavab hərbi əməliyyatlarını dayandırdığını açıqlayıb və Hörmüz boğazında gəmiçilik məsələlərinin müzakirəsi üçün Oman vasitəçiliyi ilə danışıqlara başlayıb.
Neft bazarına təsir edən digər amil isə Rusiyanın Qara dəniz sahilində yerləşən Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) terminalında yükləmələrin bərpa olunması olub. Qazaxıstan neftinin əsas ixrac marşrutlarından biri olan terminalda fəaliyyət əvvəllər Ukraynanın pilotsuz uçuş aparatlarının hücumları səbəbindən məhdudlaşmışdı.
Eyni zamanda, husi silahlıları Səudiyyə Ərəbistanının Cizan və Yənbu şəhərlərində "Saudi Aramco" ilə əlaqəli obyektlərə zərbələr endirdiklərini iddia etsələr də, bu məlumat nə Səudiyyə Ərəbistanı hökuməti, nə də şirkət tərəfindən təsdiqlənib.