İyulun 27-dən etibarən Rusiyada Ermənistandan idxal edilən süd məhsullarına məhdudiyyət qüvvəyə minib.
Monetar.az xəbər verir ki, qərar Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (Rosselxoznadzor) tərəfindən qəbul edilib.
Qadağa bütün süd məhsullarının Rusiyaya idxalını, eləcə də bu məhsulların Rusiya ərazisindən tranzitini əhatə edir. Məhdudiyyətə süd, pendir, kərə yağı, turş süd məhsulları və digər süd məhsulları daxildir.
Rosselxoznadzor qərarı Ermənistanda dövlət baytarlıq nəzarəti sistemində aşkar edildiyi bildirilən problemlərlə əsaslandırıb. Qurumun açıqlamasına görə, yoxlamalar zamanı istehsal prosesində pozuntular, xəstə heyvanlardan alınan südün istifadəsi, xammalın izlənilməsi mexanizmlərində çatışmazlıqlar və nəzarət sisteminin səmərəsizliyi müəyyən edilib.
Ermənistanın Qida Təhlükəsizliyi üzrə İnspeksiya Orqanı isə bu iddialarla razılaşmayaraq bildirib ki, aparılan yoxlamalar zamanı hər hansı pozuntu aşkarlanmayıb. Qurum hesab edir ki, tətbiq olunan məhdudiyyətlər ölkənin süd sənayesi üçün ciddi iqtisadi itkilərə səbəb ola bilər. Çünki Rusiya Ermənistanın süd məhsulları, xüsusilə də pendir ixracı üçün əsas bazarlardan biridir.
Rosselxoznadzor may ayından etibarən Ermənistan mənşəli məhsullara mərhələli şəkildə məhdudiyyətlər tətbiq edir. İndiyədək gül, pomidor, xiyar, şirin bibər, göyərti, çiyələk, çəyirdəkli və tumlu meyvələr, üzüm, kartof, badımcan, quru meyvələr, diri balıq və balıq məhsullarının Rusiyaya idxalına da müxtəlif qadağalar qoyulub.
Ekspertlərin qiymətləndirməsinə görə, bu məhdudiyyətlərin Rusiya ərzaq bazarına ciddi təsiri gözlənilmir. Buna səbəb Ermənistan məhsullarının ölkənin ümumi idxalında payının nisbətən aşağı olmasıdır.