İyulun 28-də saat 10:00-da dövlət qurumlarının balansında olan nəqliyyat vasitələrinin satışı üzrə hərrac keçiriləcək.
Monetar.az xəbər verir ki, hərracda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi, Elm və Təhsil Nazirliyi, eləcə də TƏBİB-in tabeliyində fəaliyyət göstərən Ağdaş Rayon Mərkəzi Xəstəxanasına məxsus müxtəlif markalı avtomobillər satışa çıxarılacaq.
Hərraca çıxarılan nəqliyyat vasitələri arasında QAZ-3307, QAZ-3308, QAZ-31105, ZİL-131, UAZ-31519, Ural-375E, Volkswagen Polo, Nissan Teana, Nissan Maxima, UAZ-3962 və VAZ-2121 markalı avtomobillər, həmçinin qoşqu tipli səhra mətbəxləri yer alır.
Ən yüksək start qiyməti Daxili Qoşunlara məxsus nəqliyyat vasitələri partiyası üzrə 55 850 manat, beh məbləği isə 5 585 manat müəyyən edilib. Bundan başqa, Volkswagen Polo üçün start qiyməti 4 500 manat, Nissan Teana üçün 7 500 manat, UAZ-3962 üçün isə 5 500 manat təşkil edir.
Qeyd olunub ki, nəqliyyat vasitələri üzrə cərimə və digər məhdudiyyətlərlə bağlı məsələlərin həlli balanssaxlayıcı təşkilatlar tərəfindən təmin edilir.