Dünya bazarında qarğıdalının qiyməti iyulun 24-də qeydə alınan beş həftənin maksimum səviyyəsindən geri çəkilərək bir buşel üçün 4,50 dollara yaxınlaşıb.
Monetar.az xəbər verir ki, qiymətlərin enməsinə ABŞ və İran arasında hərbi əməliyyatların dayandırılması fonunda Yaxın Şərqdə gərginliyin azalacağına dair gözləntilər təsir edib.
Xam neftin kəskin ucuzlaşması qarğıdalı bazarına da təzyiq göstərib. Belə ki, enerji qiymətlərinin aşağı düşməsi etanol istehsalına tələbat perspektivlərini zəiflədərək qarğıdalı qiymətlərinə mənfi təsir göstərib.
Bununla yanaşı, ABŞ-ın əsas qarğıdalı istehsal olunan bölgələrində hava şəraitinin yaxşılaşması da bazara əlavə təzyiq yaradıb. Proqnozlara görə, həftəsonu müşahidə olunan isti hava dalğasından sonra temperaturun enməsi və gözlənilən yağıntılar torpaqdakı quraqlığı azaltmaqla məhsulun inkişafına müsbət təsir göstərəcək.
İnvestorlar həmçinin Qara dəniz regionunda vəziyyəti izləyirlər. Ukrayna limanları vasitəsilə taxıl ixracının davam etdirilməsi istiqamətində atılan addımlar tədarük zəncirində mümkün fasilələrlə bağlı narahatlıqları müəyyən qədər azaldıb.