Azərbaycanda 2026-cı il taxıl biçini mövsümü yekunlaşmaq üzrədir. Kənd Təsərrüfatı Nazirliyi yanında yaradılmış Mərkəzi Qərargahın operativ məlumatına əsasən, iyulun 27-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 92 faizi biçilib.
Nazirlikdən verilən məlumata görə, indiyədək 883 min 995 hektar sahədə biçin aparılıb və bu sahələrdən ümumilikdə 3 milyon 38 min 467 ton məhsul əldə olunub. Hazırda ölkə üzrə orta məhsuldarlıq hər hektara 34,4 sentner təşkil edir. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 sentner yüksəkdir.
Biçin aparılan sahələrin 404 min 326 hektarını buğda, 479 min 669 hektarını isə arpa əkinləri təşkil edir. Buğda sahələrindən 1 milyon 491 min 990 ton, arpa sahələrindən isə 1 milyon 546 min 477 ton məhsul yığılıb. Buğda əkinlərinin 88 faizində, arpa sahələrinin isə 95,6 faizində biçin işləri artıq başa çatıb. Orta məhsuldarlıq buğda üzrə 36,9 sentner, arpa üzrə isə 32,2 sentner təşkil edir.
Hazırda Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Naftalan, Göyçay, Kəlbəcər, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Sabirabad, Salyan, Siyəzən, Şuşa, Tərtər, Ucar və Yevlax rayonlarında taxıl biçini tam yekunlaşıb.
Ağdam, Ağcabədi, Ağstafa, Ağsu, Astara, Balakən, Şabran, Füzuli, Goranboy, Xaçmaz, İmişli, İsmayıllı, Qax, Qazax, Qəbələ, Oğuz, Saatlı, Samux, Şəki, Yardımlı, Zaqatala və Zərdab rayonlarında isə biçin kampaniyası son mərhələyə çatıb.
Kənd Təsərrüfatı Nazirliyi respublika üzrə taxıl biçininin optimal müddətdə tam başa çatdırılacağını proqnozlaşdırır.
