Avropada anomal istilər taxıl istehsalına 2 milyard avrodan çox zərər vurub

Avropada anomal istilər taxıl istehsalına

Avropada iyun ayında müşahidə olunan anomal isti hava dalğası taxıl istehsalına 2 milyard avrodan çox zərər vurub. Bu Avropa Taxıl Ticarəti Assosiasiyasının xəbər yayıb.

Məlumata görə, isti hava dalğasından sonrakı dörd həftə ərzində Avropa İttifaqı və Böyük Britaniya üzrə taxıl istehsalı proqnozu təxminən 9 milyon ton azaldılıb.

Energy and Climate Intelligence Unit-in hesablamalarına əsasən, buğda, arpa, qarğıdalı və digər dənli bitkilər üzrə itkilərin ümumi dəyəri istehsalçı qiymətləri ilə təxminən 2,1 milyard avro təşkil edib. Bu, 2025-ci il məhsulunun ümumi dəyərinin təxminən 5 faizinə bərabərdir.

Coceral bildirir ki, isti hava Fransanın mərkəzi və cənub bölgələrində, Almaniyanın cənubunda, Avstriya, Polşa və Macarıstanda buğdanın dən formalaşdırdığı kritik dövrə təsadüf edib. Ən çox zərər yazlıq arpaya dəyib, payızlıq arpa isə yüksək temperatur başlamazdan əvvəl əsas inkişaf mərhələsini başa vurduğu üçün nisbətən az təsirlənib.

Nəşrin məlumatına görə, 2026-cı ilin iyun ayı Qərbi Avropada meteoroloji müşahidələr tarixinin ən isti iyun ayı olub. Orta temperatur 1991–2020-ci illərin norması ilə müqayisədə 3 dərəcə yüksək qeydə alınıb. Fransada havanın temperaturu 43 dərəcəni, Macarıstanda isə 40 dərəcəni ötüb.

Ümumi məhsul itkisinin təxminən yarısı qarğıdalının payına düşüb. Coceral Avropa İttifaqı və Böyük Britaniya üzrə qarğıdalı istehsalı proqnozunu 57,2 milyon tondan 52,7 milyon tona endirib.

Ən böyük zərər Fransada qeydə alınıb. Bu ölkədə taxıl istehsalı proqnozu 4,1 milyon ton azaldılıb ki, bunun da bazar dəyəri təxminən 891 milyon avro qiymətləndirilir. Macarıstanda proqnoz 2,4 milyon ton azaldılıb və zərərin təxminən 444 milyon avro olduğu bildirilir. İspaniyada 1,4 milyon tonluq azalma 276 milyon avro, Almaniyada isə oxşar həcmdə məhsul itkisi təxminən 233 milyon avro dəyərində qiymətləndirilir.

MONETAR.AZ