Gürcüstanda ardıcıl ikinci gündür ki, elektrik kəsintiləri müşahidə olunur

Gürcüstanda ardıcıl ikinci gündür ki, elektrik kəsintiləri

Gürcüstanda ardıcıl ikinci gündür ki, ölkənin müxtəlif bölgələrini əhatə edən genişmiqyaslı elektrik kəsintiləri müşahidə olunur. Yerli KİV-in məlumatına görə, bu gün səhər saat 08:10 radələrindən etibarən bir sıra şəhər və rayonlarda elektrik enerjisinin verilişi dayanıb.

Bm.ge portalının yaydığı məlumata əsasən, Dövlət Elektrosisteminin operativ göstəricilərinə görə, ölkədə elektrik enerjisi istehlakı qısa müddət ərzində təxminən 1,4 min MVt·saatdan 360 MVt·saata qədər azalıb ki, bu da enerji sistemində ciddi nasazlığın baş verdiyini göstərir.

Hazırda Tbilisi, Rustavi, Poti və Ozurqeti daxil olmaqla bir sıra yaşayış məntəqələri elektriksiz qalıb. Paytaxtda küçə işıqlandırması və svetoforlar fəaliyyətini dayandırıb, bəzi rayonlarda isə elektrik kəsintisi səbəbindən su təchizatı da məhdudlaşdırılıb.

Sputnik Gürcüstan xəbər verir ki, yaranmış vəziyyət nəqliyyat sisteminə də ciddi təsir göstərib. Ölkə üzrə dəmir yolu nəqliyyatı müvəqqəti dayandırılıb, Tbilisi metrosunun fəaliyyəti isə tamamilə iflic olub.

Hadisənin səbəbləri ilə bağlı hələlik Gürcüstanın rəsmi qurumları tərəfindən açıqlama verilməyib.

Xatırladaq ki, oxşar genişmiqyaslı elektrik kəsintisi ötən gecə də baş vermişdi. İyulun 24-nə keçən gecə Gürcüstan və Abxaziyanın bir hissəsində elektrik enerjisinin verilməsi dayanmışdı. Abxaziyanın Energetika Nazirliyi həmin hadisənin Gürcüstanın inzibati sərhədi yaxınlığında yerləşən İnquri Su Elektrik Stansiyasında (SES) baş vermiş qəza ilə əlaqədar olduğunu bildirmişdi.

Ardıcıl iki gün yaşanan enerji böhranı ölkənin elektrik sisteminin dayanıqlılığı ilə bağlı sualları yenidən gündəmə gətirib.

MONETAR.AZ