“Xalq Bank” “Space TV”-yə 5 faizlə verdiyi krediti geri ala bilmir

“Xalq Bank” “Space TV”-yə  5 faizlə verdiyi krediti

“Space TV” Müstəqil Televiziya və Radio Şirkətinin bank hesablarına 140 313,06 ABŞ dolları məbləğində həbs qoyulub.

Bakı Kommersiya Məhkəməsi “Xalq Bank” ASC-nin müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı müraciətini qismən təmin edib. Qərara əsasən, televiziya şirkətinin “Xalq Bank” istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən digər banklardakı hesablarına qeyd olunan məbləğ həcmində məhdudiyyət tətbiq edilib.

İş materiallarına əsasən, 2021-ci ildə “Xalq Bank” ASC tərəfindən “Space TV”yə illik 5 faiz dərəcəsi ilə 60 ay müddətinə 235 min ABŞ dolları məbləğində kredit xətti ayrılıb.

Bankın məlumatına görə, şirkətin kredit öhdəliklərini vaxtında yerinə yetirməməsi nəticəsində borc yaranıb. Borcun tərkibinə:

  • 118 380,87 ABŞ dolları – gecikdirilmiş əsas borc;

  • 9 901,62 ABŞ dolları – faiz borcu;

  • 12 030,57 ABŞ dolları – penya daxildir.

Beləliklə, kredit üzrə ümumi borc 140 313,06 ABŞ dollarına çatıb.

“Xalq Bank” gələcəkdə qəbul ediləcək məhkəmə qərarının icrasını təmin etmək məqsədilə “Space TV”nin bank hesablarına həbs qoyulmasını tələb edib.

Məhkəmə müraciəti qismən təmin edərək müvafiq qərar qəbul edib. Qərara əsasən, tətbiq edilən həbs şirkətin əməkdaşlarının əməkhaqlarının ödənilməsinə, eləcə də dövlət büdcəsinə vergi, sosial və digər zəruri ödənişlərin həyata keçirilməsinə mane olmur.