Rusiya Federasiyası Mərkəzi Bankı növbəti pul-kredit siyasəti iclasında əsas uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 14%-ə endirib. Tənzimləyici qərarını inflyasiyanın əsas göstəricilərinin hələ də idarəolunan diapazonda qalması və iqtisadi artım tempinin zəifləməsi ilə əsaslandırıb.
Bankın yaydığı açıqlamaya görə, 2026-cı ilin ikinci rübündə Rusiya iqtisadiyyatı mülayim artım nümayiş etdirsə də, yay aylarında müşahidə olunan qiymət artımı və inflyasiya gözləntilərinin yüksəlməsi əsasən birdəfəlik amillərlə əlaqələndirilir. Mərkəzi Bankın qiymətləndirməsinə əsasən, dayanıqlı inflyasiya göstəriciləri illik ifadədə 4–5% intervalında qalır.
Bununla yanaşı, tənzimləyici orta müddətli perspektivdə inflyasiya risklərinin hələ də üstünlük təşkil etdiyini vurğulayıb. Bildirilir ki, əsas risklərdən biri ayrı-ayrı sektorlarda istehsal güclərinin müvəqqəti azalmasının qiymətlərə ikinci dərəcəli təsirlərinin gözləniləndən daha güclü olmasıdır.
Mərkəzi Bank qeyd edib ki, növbəti faiz qərarları inflyasiyanın, inflyasiya gözləntilərinin və daxili-xarici iqtisadi şəraitin dinamikasına uyğun şəkildə qəbul ediləcək. Hazırkı mərhələdə pul-kredit siyasəti "mülayim sərt" xarakterini qoruyur.
Yenilənmiş baza ssenarisinə əsasən, 2026-cı ildə orta uçot dərəcəsinin 14,5–14,6%, 2027-ci ildə isə 10,5–12,5% intervalında olacağı proqnozlaşdırılır. Eyni zamanda, yanacaq qiymətlərinin yüksəlməsi fonunda illik inflyasiyanın cari ildə 6–7% diapazonunda formalaşacağı gözlənilir. Bank hesab edir ki, mövcud pul-kredit siyasəti davam etdirilərsə, 2027-ci ildən etibarən inflyasiya yenidən hədəf səviyyəsinə yaxınlaşacaq.
Tənzimləyici iqtisadi artım üzrə proqnozunu da aşağı salıb. Məlumata görə, ikinci rübdə iqtisadi fəallığın əsas hərəkətverici qüvvəsi istehlak tələbi olub. İnvestisiya aktivliyində müəyyən canlanma müşahidə edilsə də, bu proses hələ də məhdud xarakter daşıyır. Eyni zamanda, iyun ayından etibarən bəzi sahələrdə istehsal imkanlarının müvəqqəti azalması iqtisadi fəallığa mənfi təsir göstərməyə başlayıb.
Mərkəzi Bankın qiymətləndirməsinə görə, son aylarda biznes dairələrinin gələcək tələbat və istehsal həcmləri ilə bağlı gözləntiləri nəzərəçarpacaq dərəcədə pisləşib. Bu tendensiya ilin ikinci yarısında istehlak artımının zəifləyə biləcəyinə işarə edir.
Nəticədə tənzimləyici 2026-cı il üzrə ÜDM artımı proqnozunu əvvəlki qiymətləndirmə ilə müqayisədə aşağı salaraq 0–1% intervalında müəyyən edib. 2027–2028-ci illər üzrə iqtisadi artım proqnozlarında isə hər hansı dəyişiklik edilməyib.
MONETAR.AZ