Qazaxıstan Milli Bankı baza faiz dərəcəsini 16,75 faizə endirib

Qazaxıstan Milli Bankı baza faiz dərəcəsini

Qazaxıstan Milli Bankının Pul-Kredit Siyasəti Komitəsi baza faiz dərəcəsinin illik 16,75%-ə endirilməsi barədə qərar qəbul edib. Faiz dəhlizi isə ±1 faiz bəndi səviyyəsində saxlanılıb.

Tənzimləyicinin yaydığı bəyanatda bildirilir ki, qərar ölkədə inflyasiyanın tədricən zəifləməsi fonunda qəbul edilib və pul-kredit siyasətinin sərtliyinin mövcud makroiqtisadi şəraitə uyğunlaşdırılmasına imkan yaradır.

Milli Bankın məlumatına görə, Qazaxıstanda illik inflyasiya iyun ayında 10,3%-ə enərək ardıcıl doqquzuncu ay azalma nümayiş etdirib. May ayında bu göstərici 10,4% olmuşdu.

İnflyasiyanın əsas komponentləri üzrə dinamika belə olub:

  • Ərzaq inflyasiyası – 10,7%-dən 10,4%-ə enib;
  • Qeyri-ərzaq malları üzrə inflyasiya – 11,7% səviyyəsində dəyişməyib;
  • Xidmətlər sektorunda inflyasiya isə tənzimlənməyən xidmətlərin bahalaşması nəticəsində 8,7%-dən 9%-ə yüksəlib.

İyun ayında aylıq inflyasiya 0,8% təşkil edib.

Əhalinin növbəti 12 ay üzrə inflyasiya gözləntiləri iyun ayında 13,4%-ə yüksəlib. Bu göstərici may ayında 12,7% idi.

Bazarın peşəkar iştirakçıları isə 2026-cı il üzrə inflyasiya proqnozunu 10% səviyyəsində saxlayıblar.

Bununla yanaşı, Milli Bank qeyd edib ki, aylıq inflyasiya dinamikası dezinflyasiya prosesinin sürətinin zəifləyə biləcəyinə işarə edir. Tənzimləyici risk balansının hələ də proinflyasiya istiqamətində qaldığını vurğulayıb.

Qazaxıstan Milli Bankı baza faiz dərəcəsi ilə bağlı növbəti qərarını 4 sentyabr 2026-cı il tarixində açıqlayacağını bildirib.

MONETAR.AZ