Bakının Xəzər sahilində yerləşən “Sea Breeze” kurort kompleksində keçirilən “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı növbəti möhtəşəm konsert proqramı ilə davam edir. Dünyanın müxtəlif ölkələrindən tanınmış ifaçıları bir araya gətirən festival həm zəngin səhnə proqramı, həm də beynəlxalq yaradıcı əməkdaşlıqları ilə diqqət çəkir.
Ənənəyə uyğun olaraq konsertdən əvvəl festival iştirakçıları və dəvət olunmuş qonaqlar qırmızı xalça üzərindən keçərək media nümayəndələri və pərəstişkarları ilə görüşüblər. Axşamın ilk dəqiqələrindən etibarən festival məkanında musiqi, işıq şouları və bayram ab-havası hökm sürüb.
Konsert proqramının açılışını Azərbaycanın “Eurovision-2011” qalibi Nigar Camal "Stereotype" mahnısı ilə edib.
Gecənin yaddaqalan hadisələrindən biri isə “Sea Breeze” Şöhrət Xiyabanında Türkiyənin məşhur ifaçıları Edis və Emre Altuğ üçün ulduzların açılışı olub. Sənətçilər mərasimdən sonra media nümayəndələrinin suallarını cavablandırıb, pərəstişkarları ilə görüşərək xatirə şəkilləri çəkdiriblər.
Festival səhnəsində Azərbaycan və xarici ölkələrin tanınmış sənətçiləri – Tünzalə Ağayeva, Dilarə Kazımova, Elnur Hüseyn, Fərrux Həsənov, Murad Baykayev, Faiq Ağayev, EDIS, Emre Altuğ, EMIN, Ani Lorak və digər ifaçılar çıxış edərək minlərlə tamaşaçıya unudulmaz musiqi axşamı yaşadıblar.
Konsert proqramının ən çox maraq doğuran məqamlarından biri isə Roza Zərgərli və Emre Altuğun birgə təqdim etdikləri yeni mahnının premyerası olub. İlk dəfə “Dream Fest” səhnəsində səslənən kompozisiya tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb. Birgə ifa Azərbaycan və Türkiyə musiqiçiləri arasında yaradıcı əməkdaşlığın uğurlu nümunəsi kimi festivalın beynəlxalq xarakterini bir daha nümayiş etdirib.
İyulun 23–26-da keçirilən festival çərçivəsində məşhur ifaçıların konsertləri ilə yanaşı, gənc sənətçilərin çıxışları, xüsusi musiqi layihələri və müxtəlif yaradıcı əməkdaşlıqlar da təqdim olunur.
Festival iştirakçılarının rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xüsusi avtobus marşrutları təşkil edib. Avtobuslar hər gün saat 16:00-dan 20:00-dək “Koroğlu” metro stansiyasının şimal çıxışındakı transfer mərkəzindən “Sea Breeze” istiqamətində hərəkət edir.
“Dream Fest – 2026” bu il də Azərbaycanın beynəlxalq musiqi təqvimində ən böyük tədbirlərdən biri kimi yerli və xarici tamaşaçıları eyni səhnə ətrafında birləşdirməyə davam edir.