Küveyt neft sektorunda tarixinin ən iri xarici investisiya sazişlərindən birini reallaşdırıb. Kuwait Petroleum Corporation (KPC) ABŞ-ın aparıcı investisiya şirkətləri Blackstone, KKR və Brookfield ilə ümumi dəyəri 16 milyard dollar olan neft kəməri şəbəkəsinin icarəsi və geriyə icarəsi (lease-and-leaseback) üzrə müqavilə imzalayıb. Bu barədə Reuters məlumat yayıb.
Dövlət neft şirkəti "Project Peregrine" adlandırılan layihəni Küveyt tarixində ən böyük birbaşa xarici investisiya kimi qiymətləndirir.
Müqaviləyə əsasən, KPC-nin törəmə şirkəti Kuwait Oil Company üç Amerika investisiya nəhəngi ilə 20,5 il müddətinə birgə müəssisə yaradacaq.
Saziş çərçivəsində Blackstone, KKR və Brookfield birgə müəssisənin ümumilikdə 49%-nə, Kuwait Oil Company isə 51%-lik nəzarət paketinə sahib olacaq. Beləliklə, strateji infrastrukturun idarə olunması dövlət şirkətinin nəzarətində qalacaq.
Müqavilənin bağlanması ilə KPC-nin 7,85 milyard dollar həcmində ilkin maliyyə daxilolması əldə edəcəyi gözlənilir. Sonrakı ödənişlər isə boru kəmərləri vasitəsilə daşınan xam neftin həcminə uyğun hesablanacaq.
Layihə ümumi uzunluğu təxminən 320 kilometr olan 13 neft kəmərini əhatə edir. Bununla yanaşı, Kuwait Oil Company infrastruktur üzərində mülkiyyət hüququnu və əməliyyat idarəçiliyini tam şəkildə özündə saxlayacaq.
Lease-and-leaseback modeli KPC-yə strateji aktivləri satmadan onların dəyərini monetizasiya etməyə və yeni maliyyə resursları əldə etməyə imkan verir. Bu mexanizm şirkətə həm infrastruktur üzərində nəzarəti qorumağa, həm də iri investisiya proqramlarını maliyyələşdirmək üçün əlavə likvidlik yaratmağa şərait yaradır.
İnvestorlar üçün isə layihənin əsas üstünlüyü gəlirlərin neft qiymətlərindən deyil, boru kəmərləri ilə daşınan həcmlər əsasında formalaşan tariflərdən asılı olmasıdır. Bu da uzunmüddətli və daha sabit pul axınları vəd edir.
Ekspertlərin fikrincə, saziş Fars körfəzi ölkələrində enerji infrastrukturunun monetizasiyası istiqamətində formalaşan tendensiyanın davamıdır. Regionun dövlət enerji şirkətləri hasilat güclərinin artırılması və yeni layihələrin maliyyələşdirilməsi üçün boru kəmərləri, emal müəssisələri və digər strateji aktivlərdən istifadə etməklə beynəlxalq kapital cəlbini sürətləndirirlər.
Xüsusi kapital və infrastruktur fondları isə bu cür layihələrə uzunmüddətli müqavilələr, proqnozlaşdırılan pul axınları və dövlət tərəfindən dəstəklənən enerji aktivləri səbəbindən yüksək maraq göstərirlər.
Küveyt dünyanın sübut olunmuş neft ehtiyatlarının təxminən 6%-nə sahibdir və ölkə iqtisadiyyatı əsasən xam neft ixracından əldə olunan gəlirlər hesabına formalaşır. "Project Peregrine" hökumətə strateji nəzarəti itirmədən iri həcmdə maliyyə resursu qazandırır, beynəlxalq investorlar isə OPEC-in aparıcı neft istehsalçılarından birinin əsas infrastrukturundan uzunmüddətli gəlir əldə etmək imkanı qazanırlar.
MONETAR.AZ