Keniya 30 illik iqtisadi inkişaf strategiyasını açıqlayıb

Keniya 30 illik iqtisadi inkişaf strategiyasını

Keniya hökuməti ölkəni yüksəkgəlirli sənaye iqtisadiyyatına çevirməyi hədəfləyən 30 illik inkişaf strategiyasını təqdim edib. 2030–2060-cı illəri əhatə edən proqram kənd təsərrüfatında məhsuldarlığın artırılması, ixracyönümlü sənayenin genişləndirilməsi, eləcə də texnologiya və innovasiya sektorunun inkişafını prioritet istiqamətlər kimi müəyyənləşdirir.

Paytaxt Nayrobidə təqdim olunan sənədə əsasən, Keniyanın uzunmüddətli məqsədi effektiv dövlət idarəçiliyi, hüququn aliliyi, makroiqtisadi sabitlik və dayanıqlı dövlət borcu ilə seçilən siyasi cəhətdən sabit ölkəyə çevrilməkdir. Strategiya siyasətçi Anyanq Nyonqonun rəhbərlik etdiyi komanda tərəfindən hazırlanıb və indiyədək tətbiq olunan "Vision 2030" proqramını əvəz edəcək.

Yeni inkişaf modelində hər beş ildən bir keçirilən seçkilər nəticəsində dövlət proqramlarının yarımçıq qalmasının qarşısını almaq üçün milli inkişaf haqqında qanunun qəbul edilməsi və strategiyanın icrasına nəzarət edəcək müstəqil katibliyin yaradılması da nəzərdə tutulur.

Prezident Uilyam Ruto strategiyanın təqdimatı zamanı bildirib ki, əvvəlki "Vision 2030" proqramının əsas hədəfləri tam reallaşdırılmayıb. Onun sözlərinə görə, bunun əsas səbəbi hakimiyyətə gələn hökumətlərin əvvəlki administrasiyaların layihələrini davam etdirmək əvəzinə, öz inkişaf proqramlarını irəli sürməsi olub.

Ruto əlavə edib ki, yeni strategiya insan kapitalının gücləndirilməsinə xüsusi önəm verir. Bu çərçivədə sentyabr ayından etibarən universitet və kollec tələbələri üçün ali təhsilin tam dövlət maliyyələşməsi hesabına təmin edilməsi planlaşdırılır. Bu addımın ölkənin ixtisaslı əmək bazasını gücləndirməsi və uzunmüddətli iqtisadi artıma töhfə verməsi gözlənilir.

MONETAR.AZ