Dünya Bankı regionlar üzrə gəlir bölgüsünü açıqladı

Dünya Bankı regionlar üzrə

Dünya Bankının 2025-ci il üzrə təsnifatına əsasən, yüksək gəlirli ölkələrin ən böyük payı Şimali Amerikadan sonra Avropa və Mərkəzi Asiya regionunda cəmləşib. Bu regiondakı ölkələrin 69 faizi yüksək gəlirli iqtisadiyyatlar sırasına daxildir.

Dünya Bankı ölkələri adambaşına düşən ümumi milli gəlirə (GNI) görə dörd qrupa ayırır: aşağı gəlirli (1 175 ABŞ dolları və ya daha az), aşağı orta gəlirli (1 176–4 635 dollar), yuxarı orta gəlirli (4 636–14 375 dollar) və yüksək gəlirli (14 375 dollardan çox).

Məlumata görə, Sub-Sahara Afrikası aşağı gəlirli ölkələrin üstünlük təşkil etdiyi yeganə regiondur. Burada ölkələrin 44 faizi aşağı gəlirli, 42 faizi isə aşağı orta gəlirli kateqoriyaya daxildir. Yüksək gəlirli ölkələrin payı isə cəmi 2 faizdir. Regionda yalnız Seyşel Adaları yüksək gəlirli ölkə statusuna malikdir.

Şimali Amerika regionunda yer alan ABŞ, Kanada və Bermud adalarının hamısı yüksək gəlirli ölkələr hesab olunur və region üzrə bu göstərici 100 faiz təşkil edir. Dünya Bankının təsnifatında Meksika isə Latın Amerikası və Karib hövzəsi regionuna daxil edilir.

Latın Amerikası və Karib hövzəsi regionunda ölkələrin 88 faizi yuxarı orta və ya yüksək gəlirli qrupda yer alır. Burada ölkələrin 45 faizi yüksək, 43 faizi isə yuxarı orta gəlirli iqtisadiyyatlardır.

Şərqi Asiya və Sakit okean regionunda ölkələrin 42 faizi yüksək, 34 faizi isə yuxarı orta gəlirli kateqoriyaya daxildir. Regiona Yaponiya, Sinqapur və Avstraliya kimi inkişaf etmiş iqtisadiyyatlarla yanaşı, Çin, İndoneziya, Vyetnam və Filippin kimi sürətlə inkişaf edən ölkələr də daxildir.

Cənubi Asiya regionunda aşağı gəlirli ölkə yoxdur. Ölkələrin 67 faizi aşağı orta, 33 faizi isə yuxarı orta gəlirli qrupa aiddir.

Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan regionu isə gəlir səviyyələri baxımından ən müxtəlif bölgə hesab olunur. Burada ölkələrin 35 faizi yüksək, 22 faizi yuxarı orta, 30 faizi aşağı orta, 13 faizi isə aşağı gəlirli kateqoriyada yer alır.

Mütəxəssislər bildirirlər ki, regionlar arasında gəlir səviyyəsindəki fərqlər iqtisadi inkişaf, sənayeləşmə, infrastruktur, təbii resurslardan istifadə və demoqrafik amillərlə sıx bağlıdır. Bu göstəricilər dünya iqtisadiyyatında regional inkişaf fərqlərinin hələ də davam etdiyini nümayiş etdirir.

MONETAR.AZ