Çinə qızıl idxalı iyun ayında son iki ilin maksimumuna çatıb. Beynəlxalq qiymətlərin geriləməsi fonunda dünyanın ən böyük qiymətli metal bazarında tələbatın yüksək qalması idxalın artmasını dəstəkləyib. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Gömrük statistikasına əsasən, iyun ayında Çinə qızıl tədarükü ardıcıl üçüncü ay artaraq təxminən 173 tona yüksəlib. Bu, 2024-cü ilin mart ayından bəri ən yüksək göstərici hesab olunur.
Analitiklərin fikrincə, qızılın ucuzlaşması və Çin yuanının möhkəmlənməsi investorların alış marağını artırıb. Eyni zamanda, kommersiya bankları mövcud idxal kvotalarından istifadə edərək həm pərakəndə müştərilər qarşısındakı öhdəliklərini yerinə yetirmək, həm də ehtiyatlarını artırmağa çalışıblar.
Jinrui Futures Co. analitiki Szıtsze U bildirib ki, qiymət enişləri zamanı alış strategiyası bazarda əsas tələbat mənbələrindən birinə çevrilib.
"Qiymətlərin düşdüyü dövrlərdə alışlar son tələbatın əsas drayverlərindən biridir. Kommersiya bankları pərakəndə qızıl satışını və yığım proqramlarını fiziki qızılla təmin etmək, eləcə də mümkün tələbat artımına hazır olmaq üçün ehtiyatlarını artırırlar", – deyə analitik qeyd edib.
Çində bir çox bank müştərilərinə kiçik məbləğlərlə qızıl almağa imkan verən yığım proqramları təqdim edir. Bu proqramlar ölkədə fərdi investorların qiymətli metallara investisiya etməsinin ən geniş yayılmış üsullarından biri hesab olunur.
Bununla yanaşı, Şanxay Qızıl Birjasının (Shanghai Gold Exchange) məlumatına görə, qızılla təmin olunan birja investisiya fondlarına (ETF) ilin əvvəlindən indiyədək təxminən 28 ton həcmində xalis vəsait axını qeydə alınıb.
Çində qızıl idxalı Çin Xalq Bankı tərəfindən verilən kvotalar əsasında həyata keçirilir.
Ekspertlər hesab edirlər ki, 1 iyun tarixindən qüvvəyə minən yeni lisenziyalaşdırma rejimi də idxalın artmasına təsir göstərib. Yeni qaydalar bankları ayrılmış kvotalardan daha fəal istifadə etməyə sövq edib.
Analitiklərin sözlərinə görə, bəzi banklar tədarükləri əvvəlcədən sifariş etsələr də, maliyyələşdirmə, logistika və gömrük rəsmiləşdirilməsi səbəbindən həmin qızılın statistik uçotu iyun ayına təsadüf edib.
Bundan əlavə, ilin ilk yarısında Çin daxili bazarında qızılın beynəlxalq qiymətlərlə müqayisədə premiumla satılması banklar üçün metala xarici bazarlardan tədarük etməyi daha sərfəli edib.
MONETAR.AZ