FHN-dən çimərliklərə gedən vətəndaşlara mühüm xəbərdarlıq

FHN-dən çimərliklərə gedən vətəndaşlara

Fövqəladə Hallar Nazirliyi (FHN) həftəsonu gözlənilən qızmar hava şəraiti ilə əlaqədar su hövzələrində istirahət etməyi planlaşdıran vətəndaşlara təhlükəsizlik qaydalarına ciddi riayət etmələri barədə müraciət edib.

Nazirliyin yaydığı məlumata görə, bu gün və sabah ölkə ərazisində, o cümlədən Bakı və Abşeron yarımadasında havanın temperaturunun bəzi ərazilərdə 41 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır. Belə isti hava şəraitində insanların kütləvi şəkildə çimərliklərə və digər su hövzələrinə üz tutduğu qeyd olunub.

FHN bildirib ki, təhlükəsizlik qaydalarının pozulması hər il xoşagəlməz və bəzən faciəvi hadisələrlə nəticələnir. Bu səbəbdən vətəndaşlara yalnız təhlükəsiz və nəzərdə tutulmuş çimərliklərdə istirahət etmək tövsiyə olunur.

Nazirlik xatırladır ki, çimərlik kimi müəyyən edilməyən ərazilərdə, o cümlədən kanal, çay, arx və digər su hövzələrində çimmək təhlükəlidir və qadağandır. Eyni zamanda, çimmə zonalarının müəyyən edilmiş sərhədlərini keçmək, xilasetmə xidmətlərinə aid olmayan qayıq və digər kiçik üzmə vasitələrinin çimərlik ərazisinə daxil olması da yol verilməz hesab edilir.

Müraciətdə valideynlərə uşaqları bir an belə nəzarətsiz buraxmamaq, çimərliklərdə quraşdırılmış xəbərdaredici nişanlara diqqət yetirmək və xilasedicilərin göstərişlərinə qeyd-şərtsiz əməl etmək tövsiyə olunub.

FHN həmçinin vurğulayıb ki, qızmar günəş altında uzun müddət qalmaq, eləcə də hava qaraldıqdan sonra suya daxil olmaq sağlamlıq və həyat üçün ciddi risk yaradır.

Nazirlik vətəndaşları ehtiyatlı olmağa çağıraraq bir daha xatırladıb ki, təhlükəsizlik qaydalarına laqeyd yanaşmaq insan həyatı üçün ağır nəticələr doğura bilər.