Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayıb

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin

Dövlət İmtahan Mərkəzi (DİM) jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qeydiyyatın başladığını elan edib.

Bildirilib ki, III ixtisas qrupu (DT altqrupu) üzrə imtahan verərək müsabiqə şərtlərini ödəyən (ümumi balı ən azı 200, ikinci mərhələ üzrə balı isə ən azı 100 olan) abituriyentlər 24–27 iyul 2026-cı il tarixlərində (27 iyul saat 23:59-dək) DİM-in internet səhifəsində sorğu anketini doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Qəbul elanının "Ərizə qəbulu" bölməsinin 3-cü bəndində göstərilən kateqoriyaya aid olan və digər xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ) üzrə qeydiyyatdan keçməyən abituriyentlər üçün jurnalistika ixtisasının qabiliyyət imtahanında iştirak dövlət büdcəsinin vəsaiti hesabına təmin ediləcək. Elanın 4-cü bəndində göstərilən kateqoriyaya aid abituriyentlərin isə hamısı imtahanda ödənişsiz iştirak edəcəklər.

Digər abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği şəxsi kabinetlərindəki hesaba əlavə etməlidirlər.

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı 4 avqust tarixində kompüter vasitəsilə təşkil olunacaq. Abituriyentlər imtahan zamanı təqdim edilən mövzu əsasında inşa (esse) yazacaqlar.

Bu ildən etibarən inşa ilk dəfə elektron formada kompüterdə yazılacaq. DİM bildirir ki, yenilik abituriyentlərə mətnlərini daha oxunaqlı və səliqəli şəkildə təqdim etməyə, zərurət yarandıqda asanlıqla redaktə etməyə və imtahan vaxtından daha səmərəli istifadə etməyə imkan verəcək.

Eyni zamanda, qiymətləndirmə prosesi də sadələşəcək. Belə ki, əl yazısının oxunması ilə bağlı çətinliklər aradan qalxacaq və qiymətləndiricilər yalnız yazının məzmununa fokuslana biləcəklər.

DİM daha bir yeniliyi də açıqlayıb. Qabiliyyət imtahanının müddəti 30 dəqiqə artırılıb və abituriyentlərə inşanı yazmaq üçün 3 saat vaxt veriləcək.

Bu mərhələni uğurla başa vuran namizədlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı "Jurnalistika" ixtisasını da seçə biləcəklər.

Qabiliyyət imtahanında təqdim olunacaq inşa mövzuları və esseyə dair tələblərlə DİM-in rəsmi internet səhifəsində Azərbaycan və rus dillərində tanış olmaq mümkündür.