Əsrin sonunda orta insan ömrü 95 ilə yaxınlaşacaq

Əsrin sonunda orta insan ömrü

Birləşmiş Millətlər Təşkilatının (BMT) əhali proqnozlarına əsasən, 2026-cı ildə dünyanın ən yüksək orta ömür uzunluğuna malik ölkəsi Monako olacaq. Proqnozlara görə, bu ölkə 2100-cu ildə də liderliyini qoruyacaq. Məlumatlar BMT-nin “World Population Prospects 2024” hesabatı əsasında hazırlanıb. Araşdırmada 2026-cı il üçün mövcud göstəricilər və 2100-cü il üzrə gözləntilər müqayisə olunub.

Hazırda Monakoda yeni doğulan şəxsin orta ömür uzunluğu 86,7 il qiymətləndirilir. Reytinqdə ikinci yeri San Marino (86 il), üçüncü yeri isə Yaponiya (85,1 il) tutur.

2026-cı ildə ən uzunömürlü ölkələr:

1.      Monako – 86,7 il

2.      San Marino – 86 il

3.      Yaponiya – 85,1 il

4.      Cənubi Koreya – 84,6 il

5.      Andorra – 84,5 il

6.      İsveçrə – 84,4 il

7.      Avstraliya – 84,3 il

8.      İtaliya – 84,2 il

9.      Sinqapur – 84,1 il

10.  İspaniya – 84,1 il

Araşdırmaya görə, dünyanın ən uzunömürlü ölkələrinin böyük hissəsi Avropada yerləşir. İlk 30-luqda Avropa ölkələri üstünlük təşkil edir. Yaponiya, Cənubi Koreya və Sinqapur isə Asiya-Sakit okean regionundan yüksək göstəricilərlə seçilir.

2100-cu il üçün proqnozlar

Proqnozlara əsasən, əsrin sonunda da Monako dünyanın ən uzunömürlü ölkəsi olaraq qalacaq. Bu ölkədə orta ömür uzunluğunun 94,7 ilə çatacağı gözlənilir.

Yaponiya isə 94,4 illik göstərici ilə ikinci pilləyə yüksələcək. San Marino da 94,4 illə üçüncü sırada qərarlaşacaq.

2100-cu ildə ən uzunömürlü ölkələr üzrə ilk 10-luq:

1.      Monako – 94,7 il

2.      Yaponiya – 94,4 il

3.      San Marino – 94,4 il

4.      Cənubi Koreya – 94 il

5.      Andorra – 93,1 il

6.      Lixtenşteyn – 93 il

7.      İspaniya – 92,9 il

8.      İsveçrə – 92,9 il

9.      İtaliya – 92,8 il

10.  Sinqapur – 92,8 il

Mütəxəssislərin proqnozlarına görə, uzunömürlülük göstəriciləri əsrin sonuna qədər ümumilikdə artacaq, lakin hazırkı lider ölkələr sıralamada əsas mövqelərini qoruyacaq.  ABŞ nümunəsi göstərir ki, orta ömür uzunluğunun artması həmişə qlobal reytinqdə yüksəlişlə nəticələnmir. Proqnozlara əsasən, amerikalıların orta ömrü 2100-cü ilə qədər təxminən 10 il artacaq, lakin digər ölkələrdə artım daha sürətli olacağı üçün ABŞ 45-ci pillədən 48-ci pilləyə geriləyəcək.

MONETAR.AZ