Prezident İlham Əliyev "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.
Yeni dəyişikliklərə əsasən, birdəfəlik sığorta ödənişlərinin hesablanması, sığorta haqlarının yenidən müəyyənləşdirilməsi və sığorta vəsaitlərinin formalaşdırılması qaydalarında bir sıra yeniliklər tətbiq olunacaq.
Qanuna əsasən, birdəfəlik sığorta ödənişi nəzərdə tutulan hallarda hesablanmış məbləğ sığorta hadisəsinin baş verdiyi tarixdə qüvvədə olan minimum aylıq əməkhaqqının 1 000 mislindən artıq ola bilməyəcək.
Dəyişikliyə görə, büdcə və ya müqavilə ili ərzində aşağıdakı hallarda sığorta haqqı yenidən hesablanacaq:
- sığorta olunan şəxslərin sayında dəyişiklik olduqda;
- sığorta olunanların kateqoriyaları dəyişdikdə;
- peşə riski dərəcəsi dəyişdikdə;
- əməkhaqqı fondunda dəyişiklik baş verdikdə.
Bu hallarda sığorta haqqı dəyişiklik baş verdiyi tarixdən büdcə və ya müqavilə ilinin sonunadək qalan müddət nəzərə alınmaqla mütənasib şəkildə yenidən müəyyən ediləcək.
Qanuna əsasən, büdcə ili ərzində yeni sığortalı yarandıqda, eləcə də yenidən hesablanmış sığorta haqları üzrə ödənişlər həmin əsasın yarandığı tarixdən etibarən 15 iş günü ərzində həyata keçirilməlidir.
Dəyişikliklərə əsasən, sığorta vəsaitləri yalnız mövcud mənbələr hesabına deyil, həm də son 24 ay ərzində sığortaçıya gəlir faizlərinin ödənilməsində gecikməyə yol verməmiş banklarda depozitlərin yerləşdirilməsindən əldə olunan gəlirlər hesabına formalaşacaq.
Qüvvədə olan qanunvericiliyə əsasən, aşağıdakı şəxslər icbari sığortaya cəlb olunurlar:
- dövlət orqanlarında çalışan əməkdaşlar;
- bələdiyyələrdə çalışan şəxslər;
- dövlət və bələdiyyə müəssisələrinin əməkdaşları;
- dövlətin nəzarət payına malik hüquqi şəxslərin işçiləri;
- dövlət adından yaradılmış publik hüquqi şəxslərin və büdcə təşkilatlarının əməkdaşları;
- istehsalat təcrübəsi keçən tələbə və şagirdlər;
- könüllü fəaliyyətlə məşğul olan şəxslər.
Yeni dəyişikliklərin məqsədi icbari sığorta sistemində ödəniş mexanizmlərinin daha çevik tənzimlənməsi, maliyyə dayanıqlığının gücləndirilməsi və sığorta öhdəliklərinin daha dəqiq hesablanmasının təmin edilməsidir.