Azərbaycanda ipoteka bazarında əsas göstəricilər açıqlanıb. İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləri departamentinin direktoru Rasim Abdullayevin sözlərinə görə, son üç il ərzində Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditləri üzrə ümumilikdə 11,6 min daşınmaz əmlak qiymətləndirilib.
Fond rəsmisi bildirib ki, 2026-cı ilin ilk yarısında ipoteka krediti hesabına alınan mənzillərin orta dəyəri 160 min manat olub. Adi ipoteka kreditləri ilə alınan mənzillərin orta qiyməti 175,5 min manat, güzəştli ipoteka kreditləri üzrə isə 133,4 min manat təşkil edib.
Məlumata görə, ipoteka kreditlərinin orta məbləği 101 min manat, orta müddəti 290 ay (təxminən 24 il), orta çəkili faiz dərəcəsi isə 6,4 faiz olub. Kredit götürən şəxslərin orta yaşı 34 yaş təşkil edib.
Aylıq ödənişlərin məbləği isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə azalaraq 702 manata enib.
R.Abdullayev qeyd edib ki, hazırda ipoteka kreditləri üzrə orta çəkili faiz dərəcəsi 6,5 faizlik uçot dərəcəsinə yaxın səviyyədədir. Onun sözlərinə görə, bəzi Avropa ölkələri ilə müqayisədə Azərbaycanda ipoteka faizləri daha əlverişli hesab olunur.
Fond rəsmisi vurğulayıb ki, dövlət dəstəyi nəticəsində Azərbaycanda ipoteka kreditləri üzrə faiz dərəcələrinin uzun müddət sabit saxlanılması mümkün olub.
Hazırda güzəştli ipoteka kreditləri üzrə maksimal faiz dərəcəsi 4 faiz, adi ipoteka kreditləri üzrə isə 8 faiz təşkil edir.
MONETAR.AZ