FHN isti hava ilə əlaqədar əhaliyə xəbərdarlıq edib

FHN isti hava ilə əlaqədar əhaliyə

Fövqəladə Hallar Nazirliyi (FHN) həftəsonu ölkə ərazisində gözlənilən yüksək temperatur fonunda əhaliyə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması ilə bağlı müraciət edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qarşıdan gələn şənbə və bazar günləri havanın temperaturunun yüksəlməsi yanğın riskini əhəmiyyətli dərəcədə artıracaq. Bildirilib ki, kiçik ehtiyatsızlıq və ya diqqətsizlik, xüsusilə açıq ərazilərdə və meşə massivlərində yanğınların baş verməsinə səbəb ola bilər.

FHN qeyd edir ki, isti hava şəraiti ilə əlaqədar kondisioner və digər elektrik cihazlarından istifadənin artması elektrik şəbəkələrinin həddindən artıq yüklənməsi və qısaqapanma riskini də yüksəldir.

Bu səbəbdən nazirlik vətəndaşlara aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına əməl etməyi tövsiyə edir:

  • Evlərdə və iş yerlərində elektrik şəbəkəsini normadan artıq yükləməmək;
  • Elektrik avadanlıqlarının və mühafizə vasitələrinin texniki vəziyyətini mütəmadi yoxlamaq, nasazlıqları dərhal aradan qaldırmaq;
  • Əkin sahələrində, xırmanlarda, ot tayalarının olduğu ərazilərdə və onların yaxınlığında açıq oddan istifadə etməmək, siqaret çəkməmək;
  • Fərdi yaşayış evlərinin, təsərrüfat və istehsalat obyektlərinin ərazilərini quru otlardan və digər yanar tullantılardan mütəmadi təmizləmək.

Nazirlik, həmçinin xəbərdarlıq edir ki, tam söndürülməmiş siqaret kötüklərinin və kibrit çöpünün atılması, şüşə qabların və yanar maddələrlə çirklənmiş materialların ətrafda saxlanılması ciddi yanğın təhlükəsi yaradır.

Meşə ərazilərində istirahət edən vətəndaşlara isə tonqalın yalnız xüsusi ayrılmış yerlərdə qalanması tövsiyə olunur. Tonqal üçün quru ot, kol-kos və ağac qırıntılarının olmadığı ərazi seçilməli, ətrafı 0,5–1 metr radiusda təmizlənməli, tonqal nəzarətsiz buraxılmamalı və ərazi tərk edilərkən tam söndürülməlidir. FHN küləkli hava şəraitində tonqal qalamağın qəti qadağan olunduğunu da xüsusi vurğulayıb.

Nazirlik vətəndaşları yüksək temperaturun yaratdığı yanğın risklərini nəzərə almağa və həm özlərinin, həm də ətraf mühitin təhlükəsizliyi naminə yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırıb.