İpoteka və Kredit Zəmanət Fondu 201 milyon manat xalis mənfəət əldə edib

İpoteka və Kredit Zəmanət Fondu 201 milyon manat xalis mənfəət

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) fəaliyyət göstərdiyi 2005–2025-ci illərin hamısını mənfəətlə başa vurub. Fond bu dövr ərzində ümumilikdə 201 milyon manat xalis mənfəət əldə edib.

Bu barədə İKZF-nin baş meneceri Rasim Abdullayev məlumat verib.

Onun sözlərinə görə, 2026-cı il iyulun 1-nə Fondun aktivləri 4,2 milyard manat, məcmu kapitalı isə 1,4 milyard manat təşkil edib.

R.Abdullayev bildirib ki, bununla da Fondun kapitalının aktivlərə nisbəti 30% səviyyəsində formalaşıb ki, bu da qurumun yüksək kapitallaşma səviyyəsinə malik olduğunu göstərir.

"Beləliklə, İKZF-nin kapitalının aktivlərinə nisbəti 30% təşkil edir ki, bu da onun yüksək kapitallaşma səviyyəsinə malik olmasından xəbər verir. Fondun bütün fəaliyyət istiqamətlərində beynəlxalq təcrübəyə əsaslanan vahid və təkmil standartlar tətbiq olunmaqdadır", – deyə Rasim Abdullayev qeyd edib.

Baş menecer əlavə edib ki, hazırda İKZF-nin dövriyyədə olan istiqrazlarının ümumi həcmi 2,7 milyard manatdır.

Onun sözlərinə görə, 2009-cu ildən indiyədək Fond 1,2 milyard manat məbləğində istiqrazlar üzrə öhdəliklərini tam yerinə yetirib. Bu müddətdə istiqraz sahiblərinə ümumilikdə 389,4 milyon manat faiz ödənişi həyata keçirilib.

Xatırladaq ki, İpoteka və Kredit Zəmanət Fondu Azərbaycan Prezidentinin 25 dekabr 2017-ci il tarixli fərmanı ilə "Azərbaycan İpoteka Fondu" ASC və "Kredit Zəmanət Fondu" ASC-nin birləşdirilməsi yolu ilə yaradılıb.