Çin və ASEAN enerji sahəsində razılığa gəlib

Çin və ASEAN enerji sahəsində

Çin və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) regional enerji əməkdaşlığının gücləndirilməsi barədə razılıq əldə edib.

Filippinin paytaxtı Manilada keçirilən Çin–ASEAN Xarici İşlər Nazirləri Toplantısında tərəflər Yaxın Şərqdə baş verən hadisələrin regiona təsirinin azaldılması və enerji sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan birgə bəyanatı qəbul ediblər.

İclasda çıxış edən Çinin xarici işlər naziri Van İ bildirib ki, bu il Çin ilə ASEAN arasında hərtərəfli strateji tərəfdaşlığın yaradılmasının beşinci ildönümüdür. Onun sözlərinə görə, tərəflər arasında əməkdaşlıq sabit və sürətli şəkildə inkişaf edir, bu isə 2 milyarddan çox insan üçün real faydalar yaradır.

Nazir vurğulayıb ki, Çin–ASEAN münasibətlərinin inkişafı qarşılıqlı hörmət və etimad, mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq, eləcə də açıqlıq və inklüzivlik prinsiplərinə əsaslanır.

Toplantının yekununda qəbul edilən birgə bəyanatda regional enerji əməkdaşlığının gücləndirilməsi və təchizat zəncirinin dayanıqlılığının artırılması istiqamətində birgə fəaliyyətin davam etdirilməsi öhdəliyi də əksini tapıb.

Tədbir çərçivəsində Çinin xarici işlər naziri Van İ bir sıra ölkələrin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər də keçirib.

MONETAR.AZ