Payızlıq əkin mövsümünə hazırlıq çərçivəsində torpaq sahələrinin aqrokimyəvi analizdən keçirilməsi məhsuldarlığın artırılması və torpaq ehtiyatlarından səmərəli istifadə baxımından mühüm əhəmiyyət daşıyır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən bildirilib ki, fermerlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzrə əkin bəyanı təqdim etməzdən əvvəl torpaq sahələrində aqrokimyəvi analizlər aparmalıdırlar.
Məlumata görə, torpaq analizləri sahənin mövcud vəziyyətini dəqiq müəyyən etməyə, qida maddələrinin səviyyəsini qiymətləndirməyə və uyğun aqrotexniki tədbirlərin planlaşdırılmasına imkan verir.
Analiz nəticələri əsasında torpağın hansı elementlərə ehtiyac duyduğu müəyyən edilir və buna uyğun gübrələmə proqramı hazırlanır. Bu isə mineral gübrələrin düzgün növ və miqdarda tətbiqinə, bitkilərin qida maddələri ilə optimal təmin olunmasına şərait yaradır.
Agentlik qeyd edib ki, torpaq münbitliyinin uzunmüddətli qorunması üçün üzvi gübrələrdən istifadənin genişləndirilməsi də vacibdir. Üzvi maddələrin və humus ehtiyatlarının artırılması torpağın strukturunun yaxşılaşmasına və bioloji fəallığının yüksəlməsinə kömək edir.
Aqrokimyəvi analizlərin nəticələri fermerlərə hansı bitki növlərinin konkret torpaq sahələrində daha yüksək məhsuldarlıq verəcəyini müəyyənləşdirməyə də imkan yaradır. Bununla yanaşı, düzgün əkin dövriyyəsinin tətbiqi torpağın tükənməsinin qarşısını alır.
Mütəxəssislərin fikrincə, torpaq analizləri suvarma rejiminin də elmi əsaslarla təşkili üçün əhəmiyyətlidir. Xüsusilə şoranlaşma riski olan ərazilərdə düzgün suvarma strategiyasının seçilməsi, dağlıq və maili sahələrdə isə eroziyaya qarşı tədbirlərin müəyyənləşdirilməsi analiz nəticələrinə əsasən daha effektiv həyata keçirilə bilər.
Aqrar Xidmətlər Agentliyi fermerləri payızlıq əkinlərə başlamazdan əvvəl torpaq sahələrini analiz etdirməyə və nəticələr əsasında əkin-gübrələmə planı hazırlamağa çağırır.
Bildirilib ki, bu yanaşma məhsuldarlığın yüksəldilməsi, keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, torpaq ehtiyatlarının qorunması və ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm rol oynayır.
MONETAR.AZ