Ağdərədə yay balının süzümünə başlanılıb

Ağdərədə yay balının süzümünə

İşğaldan azad edilmiş Ağdərə rayonunda arıçılar yay mövsümünün ilk bal süzümünə başlayıblar. Rayonun zəngin dağ florası, müxtəlif balverən bitkiləri və əlverişli iqlim şəraiti yüksək keyfiyyətli bal istehsalı üçün əlverişli imkanlar yaradır.

Monetar.az AZƏRTAC-a istinadən xəbər verir ki, bölgədə uzun illərdən sonra yenidən canlanan arıçılıq təsərrüfatları həm kənd təsərrüfatının inkişafına, həm də doğma torpaqlarına qayıdan sakinlərin məşğulluğunun təmin olunmasına töhfə verir.

Kolatağ kənd sakini Rəfayət Musayev bildirib ki, ailələri nəsillər boyu arıçılıqla məşğul olub. Onun sözlərinə görə, 1992-ci ildə Ağdərədən məcburi köçkün düşənədək də bu sahədə fəaliyyət göstəriblər. Köçkünlük dövründə Ağcabədidə təsərrüfatlarını davam etdirən ailə bu gün yenidən doğma torpaqda fəaliyyətini genişləndirir.

Arıçının sözlərinə görə, hazırda təsərrüfatında 300-ə yaxın arı ailəsi saxlanılır. O, həmçinin ana arı yetişdirilməsi ilə də məşğuldur. Arı ailələrinin bir hissəsi Kolatağ kəndində, digər hissəsi isə zəngin nektar ehtiyatına malik Vəngli kəndi ərazisində yerləşdirilib.

Bu mövsüm əldə olunan bal əsasən qaratikan, cökə, qanqal və digər dağ bitkilərinin çiçəklərindən toplanan nektar hesabına formalaşıb. Rəfayət Musayev qeyd edib ki, məhsuldarlıq ötən illə müqayisədə müəyyən qədər aşağı olsa da, əldə olunan nəticələrdən razıdır.

Bal süzümü zamanı çərçivələr pətəklərdən çıxarılaraq xüsusi avadanlıqlarda emal edilir. Süzülən məhsul əvvəlcə iri çənlərdə saxlanılır, daha sonra satış üçün şüşə qablara qablaşdırılır.

Arıçılar bildirirlər ki, Ağdərənin dağlıq ərazilərində istehsal olunan təbii bal yüksək keyfiyyəti və zəngin bitki müxtəlifliyi hesabına özünəməxsus dad və aroma xüsusiyyətləri ilə seçilir. Yay mövsümünün ilk məhsulu artıq bazara çıxarılmağa hazırlanır.