Xaçmaz rayonunda Qudyalçayın Xaspoladoba kəndi ərazisindən keçən hissəsində yerləşən avtomobil körpüsü əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə həyata keçirilən layihə nəticəsində 10 minə yaxın əhalinin yaşadığı 9 kəndi rayon mərkəzi ilə əlaqələndirən körpü müasir standartlara uyğun şəkildə yenidən inşa olunub.
Layihəyə əsasən, yeni salınan üçaşırımlı körpünün uzunluğu 63 metr, eni isə 12 metr təşkil edir. Yeni nəqliyyat keçidi Xaspoladoba və ətraf yaşayış məntəqələrinin sakinləri üçün rayon mərkəzinə daha təhlükəsiz, rahat və fasiləsiz gediş-gəliş imkanı yaradır.
Körpünün açılışı münasibətilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərlə görüşüb. Sakinlər yeni körpünün istifadəyə verilməsindən məmnunluqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.