İtaliyanın özəl dəmir yolu operatoru "Italo Holding" Almaniyanın "Siemens Mobility" şirkəti ilə təxminən 3 milyard avro dəyərində 26 ədəd sürətli qatarın alınmasına dair müqavilə imzalayıb.
Şirkətin açıqlamasına görə, saziş gələcəkdə əlavə 14 qatar heyətinin satın alınması üçün opsion hüququnu da əhatə edir. Bu, bazar tələbindən asılı olaraq qatar parkının daha da genişləndirilməsinə imkan verəcək.
Yeni sifariş "Italo Holding"in 2028-ci ildə Almaniya dəmir yolu bazarına daxil olmaq strategiyasının əsas hissəsidir. Şirkət Almaniyadakı ümumi investisiyalarının 3,6 milyard avroya (təxminən 4,12 milyard ABŞ dolları) çatacağını bildirib.
Planlara əsasən, "Italo Holding" 2028-ci ilin ortalarınadək Almaniyanın iki əsas yüksək sürətli marşrutu üzrə sərnişindaşıma xidmətinə başlayacaq. Şirkətin bu addımı Avropanın ən böyük dəmir yolu bazarlarından birində rəqabətin güclənməsinə töhfə verəcək.
MONETAR.AZ