Husilərin hücumlarından sonra Qırmızı dənizdə gəmiçilik kəskin zəifləyib

Husilərin hücumlarından sonra Qırmızı dənizdə

Yəməndə İranın dəstəklədiyi husilərin son hücumlarından sonra Qırmızı dənizdə yük gəmilərinin hərəkəti nəzərəçarpacaq dərəcədə azalıb. Reuters agentliyinin yaydığı məlumata görə, Bab əl-Məndəb boğazından keçən gəmilərin sayı son ayların ən aşağı səviyyəsinə enib. Eyni zamanda, Hörmüz boğazında da tanker trafiki zəif olaraq qalır ki, bu da Yaxın Şərqdə təhlükəsizlik risklərinin hələ də yüksək olduğunu göstərir.

Kpler analitik platformasının məlumatına əsasən, bazar günü Bab əl-Məndəb boğazından cəmi 11 yük gəmisi keçib. Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən bu strateji su yolunda tanker hərəkətinin azalması husilərin ötən həftə Səudiyyə Ərəbistanına məxsus obyektlərə hücumlarından sonra baş verib.

Husilər şənbə günü Saudi Aramco şirkətinin Cizan və Yanbu şəhərlərində yerləşən enerji obyektlərini hədəf aldıqlarını bəyan ediblər. Hadisə yerindən yayılan videogörüntülərdə Cizandakı gündəlik 400 min barel emal gücünə malik neft emalı zavodunun yaxınlığında tüstünün yüksəldiyi görünür. Yanbu istiqamətinə atıldığı bildirilən iki raketin isə ABŞ istehsalı olan Patriot hava hücumundan müdafiə sistemi vasitəsilə zərərsizləşdirildiyi qeyd olunur.

Yanbu limanı son illərdə Səudiyyə neftinin Hörmüz boğazından yan keçməklə dünya bazarlarına çıxarılması üçün əsas ixrac marşrutlarından birinə çevrilib. Analitiklərin fikrincə, husilərin hücumlarını davam etdirməsi enerji daşıyıcılarının və beynəlxalq ticarət daşımalarının istifadə etdiyi daha bir mühüm dəhlizi risk altına sala bilər.

Buna cavab olaraq, Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən qüvvələrinin husilərin Marib və əl-Cəuf bölgələrindəki mövqelərinə, eləcə də silah anbarlarına zərbələr endirdiyi bildirilir.

Reuters-in məlumatına görə, regionun digər kritik dəniz marşrutu olan Hörmüz boğazında da vəziyyət əvvəlki kimi passiv olaraq qalır. Bazar günü boğazdan cəmi yeddi yük gəmisi keçib. Onlardan üçü İranla əlaqəli neft məhsulları tankeri olub, daha üç gəmi isə identifikasiya sistemlərini söndürülmüş vəziyyətdə hərəkət edib.

Dəniz daşımalarındakı zəiflik ABŞ və İran arasında hərbi əməliyyatların müvəqqəti dayandırıldığı dövrdə də davam edir. Diplomatik kanallarda uzunmüddətli atəşkəsə nail olunacağına dair ehtiyatlı gözləntilər artsa da, gəmiçilik şirkətləri hələlik marşrut risklərini yüksək qiymətləndirirlər.

Mövcud məlumata əsasən, ABŞ-ın hava zərbələrini dayandırdığı müddətdə İran da qarşı tərəfə hücumları davam etdirməyəcək. Pauza Pentaqonun İran hədəflərinə endirdiyi 13 ardıcıl hava zərbəsindən sonra başlayıb və həmin vaxtdan etibarən yeni əməliyyatlar barədə məlumat verilməyib.

Bundan əvvəl ABŞ hərbi dairələri İranın dəniz blokadası imkanlarının tam qüvvədə qaldığını bildirsələr də, hava əməliyyatlarının dayandırılmasının səbəblərini açıqlamamışdılar. Tramp administrasiyasının yüksəkvəzifəli nümayəndəsi isə diplomatiyanın Vaşinqton üçün hələ də əsas prioritet olduğunu, lakin İrana hərbi təzyiq vasitəsilə ciddi danışıqların vacibliyinin nümayiş etdirildiyini bildirib.

Məlumata görə, İran da şənbə günü qonşu ölkələrə qarşı yeni raket zərbələri endirməyib.

The New York Times yazır ki, ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə yerləşdirilən raketəleyhinə müdafiə sistemləri və sursat ehtiyatlarının tükənməsinin qarşısını almaq məqsədilə İrana qarşı hava zərbələrinin müvəqqəti dayandırılması barədə qərar verib.

ABŞ-ın BMT-dəki səfiri Mayk Uolts isə Fox News telekanalına müsahibəsində bildirib ki, Vaşinqton diplomatik prosesə imkan yaratmaq üçün hərbi əməliyyatlarda fasilə verib. O, aparılan danışıqların detalları barədə əlavə məlumat açıqlamayıb.

MONETAR.AZ