Çili hökuməti növbəti onillik ərzində mis sənayesinə təxminən 100 milyard ABŞ dolları həcmində investisiya yatırmağı planlaşdırır. Məqsəd Çinin dominant mövqeyindən asılılığı azaltmaq, yeni ixrac bazarları qazanmaq və süni intellekt, enerji infrastrukturu və məlumat mərkəzlərinin sürətlə artan mis tələbatını qarşılamaqdır.
"Bloomberg"in məlumatına görə, bu barədə Çilinin xarici işlər naziri Fransisko Peres Makkenna Sinqapurda keçirilən Bloomberg Dayanıqlı Biznes Sammiti zamanı bildirib.
Nazirin sözlərinə görə, ölkənin satış bazarı hazırda həddindən artıq konsentrasiya olunub və buna görə də Çili misini alan ölkələrin coğrafiyasını genişləndirmək niyyətindədir.
"Satış bazarımız kəskin şəkildə cəmləşib və biz misimizi satın alan ölkələrin sayını artırmalıyıq", – deyə Peres Makkenna bildirib.
O qeyd edib ki, Çili təkcə mis konsentratı ixracı ilə kifayətlənməməli, daha yüksək əlavə dəyər yaradan rafinə olunmuş (təmizlənmiş) mis istehsalına və ixracına daha çox sərmayə yönəltməlidir.
Bununla belə, nazir vurğulayıb ki, dünyanın ən böyük sənaye istehlakçılarından biri olan Çin yaxın illərdə də Çili misinin əsas alıcılarından biri olaraq qalacaq.
Onun sözlərinə görə, qlobal miqyasda məlumat mərkəzlərinin, enerji şəbəkələrinin, elektromobil sənayesinin və süni intellekt infrastrukturunun sürətli inkişafı misə olan tələbatın daha çox ölkəyə yayılmasına səbəb olacaq.
Hazırda dövlətlər enerji keçidi və rəqəmsal transformasiya fonunda strateji əhəmiyyət qazanan mis tədarükünü təmin etmək üçün rəqabəti gücləndirirlər. Mis elektrik şəbəkələri, elektromobillər, batareyalar və məlumat mərkəzlərinin əsas xammallarından biri hesab olunur.
İxrac bazarlarını genişləndirmək strategiyasının tərkib hissəsi kimi Çili Hindistanla Azad Ticarət Sazişi (FTA) üzrə danışıqlara başladığını açıqlayıb. Hökumət eyni zamanda qonşu ölkələrlə mövcud ticarət razılaşmalarını da daha da genişləndirməyi planlaşdırır.
MONETAR.AZ