Avropada avtomobil satışları iyun ayında 13 faiz artıb

Avropada avtomobil satışları iyun ayında

Avropada yeni avtomobil bazarı iyun ayında güclü artım nümayiş etdirib. Sektor üzrə açıqlanan rəsmi statistikaya əsasən, yeni avtomobillərin qeydiyyatı ötən ilin eyni ayı ilə müqayisədə 13,1% artaraq 1,41 milyon ədədə çatıb. Bazarın genişlənməsində əsas hərəkətverici qüvvə elektrik mühərrikli avtomobillərə artan tələbat olub.

Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatına görə, Avropa İttifaqı, Avropa Azad Ticarət Assosiasiyası (EFTA) ölkələri və Böyük Britaniyanı əhatə edən regionda 2026-cı ilin ilk altı ayında ümumilikdə 7,23 milyon yeni avtomobil qeydiyyata alınıb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 6,1% çoxdur.

Analitiklər bildirirlər ki, geosiyasi risklər və qlobal iqtisadi qeyri-müəyyənliklər bazara təzyiq göstərməyə davam etsə də, elektromobillərə keçidin sürətlənməsi avtomobil satışlarını dəstəkləyən əsas amillərdən biri olaraq qalır.

İyun ayında tam elektrikli avtomobillərin (BEV) qeydiyyatı illik müqayisədə 51% artaraq 360 843 ədədə yüksəlib. Şəbəkədən enerji ilə doldurulan hibrid avtomobillərin (PHEV) satışları 22,7%, klassik hibridlərin (HEV) qeydiyyatı isə 17,1% artıb.

Bunun əksinə olaraq, daxiliyanma mühərrikli avtomobillərə maraq zəifləməkdə davam edib. Benzin mühərrikli modellərin qeydiyyatı 12,2%, dizel avtomobillərinin satışları isə 16,9% azalıb.

Çin istehsalçıları Avropa bazarında mövqelərini daha da gücləndirirlər. İyun ayında BYD markasının qeydiyyatları təxminən üç dəfə artıb. Chery Automobile satışlarını 271%, SAIC Motor isə 50,7% artıraraq bazardakı payını genişləndirib.

Tesla da Avropa bazarında müsbət dinamika nümayiş etdirib. Şirkətin avtomobillərinin qeydiyyatı ötən ilin eyni ayı ilə müqayisədə 72,1% artıb.

İlin ilk yarısının yekunlarına görə, Avropa İttifaqında tam elektrikli avtomobillərin bazar payı 20,7%-ə yüksəlib. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 15,6% idi. Bununla yanaşı, 37,3%-lik payla hibrid avtomobillər Avropa bazarında ən çox seçilən güc aqreqatı olaraq qalmağa davam edir.

Son göstəricilər Avropada avtomobil sənayesinin tədricən bərpa olunduğunu, istehlakçı seçimlərinin isə sürətlə elektrikləşmə istiqamətində dəyişdiyini göstərir.

MONETAR.AZ