Dolların zəifləməsi qızılı bahalaşdırır

Dolların zəifləməsi qızılı

ABŞ dollarının zəifləməsi və Yaxın Şərqdə hərbi gərginliyin müvəqqəti səngiməsi qlobal qızıl bazarında alışları gücləndirib. İnvestorlar diqqətlərini bu həftə keçiriləcək ABŞ Federal Ehtiyat Sisteminin (FES) iclasına yönəldərkən, təhlükəsiz aktivlərə maraq yenidən artmağa başlayıb.

Bu gün Asiya sessiyasında spot qızılın qiyməti 1% yüksələrək bir unsiya üçün 4 094,50 dollara çatıb. ABŞ-da avqust ayı üzrə qızıl fyuçersləri isə 0,6% bahalaşaraq 4 096,6 dollar səviyyəsində ticarət olunub.

Qiymətli metalın bahalaşmasına əsas dəstək ABŞ dollarının zəifləməsi olub. Dolların ucuzlaşması qızılı digər valyutalarla ticarət aparan investorlar üçün daha cəlbedici edir və bu da tələbə müsbət təsir göstərir.

Eyni zamanda, ABŞ və İran arasında həftəsonu əldə olunan nisbi hərbi pauza bazarlarda geosiyasi gərginliyi qismən azaltsa da, investorlar risklərin tam aradan qalxmadığını nəzərə alaraq təhlükəsiz liman aktivlərinə marağı qoruyurlar.

Bazar iştirakçıları üçün əsas diqqət mərkəzində isə bu həftə keçiriləcək FES-in pul-kredit siyasəti iclası dayanır. Faiz dərəcələri ilə bağlı veriləcək siqnallar həm ABŞ dollarının gələcək dinamikasına, həm də qızılın qiymət istiqamətinə mühüm təsir göstərə bilər.

Xatırladaq ki, ötən həftə qızıl bazarında yüksək dəyişkənlik müşahidə olunmuşdu. Buna baxmayaraq, həftəlik yekunda qiymətli metal təxminən 1% dəyər qazanaraq geosiyasi risklər və dolların hərəkətindən dəstək almışdı.

MONETAR.AZ