Avropanın iri iqtisadiyyatlarında mənzil xərcləri son illərin əsas maliyyə təzyiqlərindən birinə çevrilib. Ərzaq və enerji qiymətlərinin artması fonunda kirayə və ipoteka ödənişləri bir çox ailələrin büdcəsində daha böyük pay tutmağa başlayıb.
Eurostat-ın məlumatına əsasən, 2024-cü ildə Avropa İttifaqının aparıcı ölkələrində əhalinin əhəmiyyətli hissəsi gəlirlərinin 40 faizindən çoxunu mənzil xərclərinə sərf edib.
Mənzil xərclərinin gəlirlərə nisbətdə ən yüksək yük yaratdığı iri Aİ iqtisadiyyatı Almaniya olub. Bu ölkədə əhalinin 11,2 faizi sərəncamda qalan gəlirinin 40 faizindən çoxunu mənzil xərclərinə yönəldib.
İkinci yerdə İsveç qərarlaşıb. Ölkədə bu göstərici 10,8 faiz təşkil edib. Hər iki ölkədə mənzil xərclərinin yükü Aİ üzrə orta göstəricidən (7,7 faiz) yüksək olub.
İspaniyada mənzil xərcləri gəlirinin 40 faizindən çoxunu təşkil edənlərin payı 7,2 faiz, Belçikada 6,7 faiz, Niderlandda 6,5 faiz, Fransada isə 6,4 faiz olub.
Daha aşağı göstəricilər Avstriya və İrlandiyada qeydə alınıb. Bu ölkələrdə müvafiq olaraq əhalinin 6,1 faizi və 5,3 faizi yüksək mənzil yükü ilə üzləşib.
İtaliyada bu göstərici 5 faiz, Polşada isə 4,1 faiz təşkil edib. Lakin ekspertlər qeyd edirlər ki, ölkələr arasındakı fərqlər yalnız qiymətlərlə deyil, həm də mənzil bazarının strukturu, ev sahibi olma səviyyəsi və ailə modelləri ilə bağlıdır.
Ümumilikdə, statistika göstərir ki, Avropada mənzil xərclərinin yükü ölkələr üzrə ciddi fərqlənsə də, kirayə və mənzil maliyyələşməsi bir çox ailələr üçün əsas xərc istiqamətlərindən biri olaraq qalır.
MONETAR.AZ