İraqda korrupsiya ilə mübarizə çərçivəsində aparılan istintaq nəticəsində təxminən 175 milyon ABŞ dolları məbləğində nağd vəsait və 400 kiloqram qızıl müsadirə olunub.
Ölkənin Ali Məhkəmə Şurasının məlumatına görə, əməliyyatın əsas hədəfi neft nazirinin müavini Ədnan əl-Cumayli ilə bağlı korrupsiya işidir. İndiyədək bu iş üzrə 213 milyard İraq dinarı (təxminən 162,5 milyon ABŞ dolları) və əlavə 12 milyon ABŞ dolları nağd vəsait dövlətin nəzarətinə götürülüb.
Bundan əlavə, istintaq zamanı ölkənin müxtəlif əyalətlərində gizlədilmiş 400 kiloqram qızıl aşkar edilərək müsadirə olunub.
İraqın INA agentliyinin məlumatına əsasən, eyni cinayət işi üzrə Ədnan əl-Cumayli və onunla əlaqəli şəxslərə aid daha 27 milyard İraq dinarı (20,5 milyon ABŞ dollarından çox) da müsadirə edilib. İstintaq materiallarında həmin vəsaitin dövlət layihələrində mənimsəmə yolu ilə əldə edildiyi bildirilir.
Xatırladaq ki, iyunun sonunda İraqda korrupsiya ittihamı ilə 47 yüksək rütbəli məmur və parlament üzvü saxlanılıb. Həmçinin müxtəlif dövlət qurumlarında çalışan vəzifəli şəxslərlə bağlı 200-dən çox həbs orderi verilib. Hakimiyyət istintaqın davam etdiyini və neft, eləcə də energetika sektorunda korrupsiya ilə bağlı yeni faktların açıqlanacağını bəyan edib.
MONETAR.AZ