Milli Hidrometeorologiya Xidməti iyulun 27-28-də ölkə ərazisində gözlənilən güclü küləklə əlaqədar sarı və narıncı xəbərdarlıq elan edib. Xəbərdarlığa əsasən, Bakı və Abşeron yarımadası da daxil olmaqla bir sıra rayonlarda şimal-qərb küləyinin sürətinin təhlükəli həddə çatacağı gözlənilir.
Məlumata görə, Naxçıvan Muxtar Respublikası, Gədəbəy, Göygöl, Şəmkir, Samux, Yevlax, Bərdə, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər, Quba, Siyəzən, Xızı, Altıağac, İmişli, Şirvan, Beyləqan, Saatlı, Sabirabad, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Lənkəran və Astara rayonlarında sarı xəbərdarlıq qüvvədə olacaq. Həmin ərazilərdə şimal-qərb küləyinin sürətinin 13,9–20,7 m/s arasında dəyişəcəyi proqnozlaşdırılır.
Narıncı xəbərdarlıq isə Bakı və Abşeron yarımadası ilə yanaşı, Mingəçevir, Ağstafa, Qazax, Tovuz, Gəncə, Daşkəsən, Goranboy, Qobustan, Neftçala, Hacıqabul, Naftalan, Xaçmaz, Qusar və Şabran rayonlarını əhatə edir. Bu ərazilərdə şimal-qərb küləyinin sürətinin 20,8–28,4 m/s-dək güclənəcəyi gözlənilir.
Sinoptiklər vətəndaşlara küləkli hava şəraiti ilə əlaqədar ehtiyatlı olmağı, açıq məkanlarda təhlükəsizlik qaydalarına əməl etməyi, xüsusilə güclü küləyin müşahidə olunacağı bölgələrdə zəruri olmayan hallarda iri ağacların, yarımçıq tikililərin və dayanıqsız konstruksiyaların yaxınlığında dayanmamağı tövsiyə edirlər.