Avstraliya Trampın yeni 12,5 faizlik tarifinə etiraz edəcək

Avstraliya Trampın yeni 12,5 faizlik tarifinə

Avstraliya hökuməti ABŞ-ın ölkə məhsullarına tətbiq etdiyi yeni 12,5%-lik idxal tarifinə qarşı diplomatik səylərini gücləndirir. Reuters agentliyinin məlumatına görə, Baş nazir Entoni Albaniz bu məsələni ABŞ prezidenti Donald Tramp ilə birbaşa müzakirə etməyi planlaşdırır.

Albaniz bildirib ki, Kanberra yeni tarif qərarının ləğvi üçün Vaşinqtonla bütün səviyyələrdə danışıqları davam etdirəcək. "Biz bu məsələni Avstraliya-ABŞ münasibətlərinin bütün səviyyələrində qaldıracağıq", – deyə Baş nazir vurğulayıb.

Yeni tariflər Tramp administrasiyasının ABŞ-a idxal olunan məhsullara dair yenilənmiş ticarət siyasəti çərçivəsində qüvvəyə minib. Müvəqqəti 10%-lik qlobal tarif rejiminin başa çatmasından sonra Vaşinqton 60 əsas ticarət tərəfdaşına qarşı yeni rüsumlar tətbiq edib.

ABŞ administrasiyası qərarı məcburi əməkdən istifadə edilərək istehsal olunan məhsulların qlobal tədarük zəncirlərinə daxil olmasının qarşısını almaq məqsədi ilə əsaslandırır. Vaşinqton hesab edir ki, bəzi ölkələrin nəzarət mexanizmləri bu riskləri aradan qaldırmaq üçün kifayət qədər effektiv deyil.

Yeni qərara əsasən, 38 iqtisadiyyata, o cümlədən Avstraliyaya 12,5%-lik tarif tətbiq olunub. Digər 17 ölkə üçün tarif 10% müəyyən edilib, daha beş iqtisadiyyat isə mövcud ticarət rejimindən asılı olaraq fərqli şərtlərlə üzləşib.

Tariflər ABŞ-ın 1974-cü il Ticarət Aktının 301-ci maddəsi (Section 301) əsasında tətbiq edilir. Həmin müddəa ABŞ hökumətinə ölkənin ticarət maraqlarına zərər vurduğu hesab edilən xarici təcrübələrə qarşı birtərəfli tədbirlər görmək səlahiyyəti verir. Bununla yanaşı, Ağ Evin fərmanında bəzi məhsul kateqoriyaları üçün istisnalar da nəzərdə tutulub.

Kanberra qərarın əsassız olduğunu bildirərək vurğulayır ki, ölkədə müasir köləliklə mübarizə üzrə beynəlxalq standartlara uyğun hüquqi mexanizmlər artıq qüvvədədir. Albaniz hökumətinin fikrincə, Avstraliya tədarük zəncirlərində əmək hüquqlarının qorunması sahəsində yüksək nəzarət sistemi formalaşdırıb və bu mexanizmləri daha da təkmilləşdirir.

Avstraliyanın "Müasir köləlik haqqında" qanununa əsasən, illik konsolidasiya olunmuş gəliri 100 milyon Avstraliya dollarından çox olan şirkətlər fəaliyyətlərində və tədarük zəncirlərində mövcud risklər, eləcə də onların aradan qaldırılması üçün görülən tədbirlər barədə hər il hesabat təqdim etməlidirlər.

Bundan əlavə, hökumət tədarük zəncirlərinə nəzarət sisteminin yenidən qiymətləndirilməsi üzərində işləyir və qanunvericiliyin tələblərini pozan şirkətlər üçün daha sərt sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir.

Yeni tariflərin xüsusilə ABŞ bazarından asılı olan Avstraliya ixracatçılarına mənfi təsir göstərə biləcəyi bildirilir. Tikinti materialları, tibbi məhsullar, şərab və sənaye avadanlıqları istehsalçıları əlavə rüsumların ixrac xərclərini artıracağından narahatdırlar.

Eyni zamanda, Avstraliyanın dağ-mədən və energetika şirkətləri hansı xammal və məhsul kateqoriyalarının tarif istisnalarına daxil ediləcəyi ilə bağlı Vaşinqtondan əlavə izahat gözləyirlər.

MONETAR.AZ