Qax rayonunda 2026-cı ilin taxıl mövsümü üzrə biçin kampaniyası yekunlaşmaq üzrədir. Strateji əhəmiyyət daşıyan taxılçılıq sahəsində aparılan işlər nəticəsində minlərlə hektar ərazidə məhsul yığımı başa çatdırılıb və yüksək məhsuldarlıq qeydə alınıb.
AZƏRTAC-ın Qax Rayon İcra Hakimiyyətinə istinadən verdiyi məlumata görə, cari mövsümdə rayonda ümumilikdə 13 min 510 hektar payızlıq taxıl sahəsi becərilib. Bunun 5 521 hektarı arpa, 7 989 hektarı isə buğda əkinlərindən ibarət olub.
Hazırkı vəziyyətə görə, 5 516 hektar arpa və 6 028 hektar buğda sahəsində biçin işləri tamamlanıb. Beləliklə, rayon üzrə 10 min 872 hektar taxıl sahəsindən məhsul yığılıb.
Biçin nəticəsində indiyədək 13 min 533 ton taxıl istehsal edilib. Orta məhsuldarlıq göstəriciləri də qənaətbəxş hesab olunur. Arpa sahələrində hər hektardan orta hesabla 36,3 sentner, buğda sahələrində isə 37,5 sentner məhsul əldə olunub.
Məhsul yığımının qısa müddətdə və itkisiz başa çatdırılması məqsədilə rayonda geniş texniki resurslar səfərbər edilib. Hazırda biçin sahələrində 46 kombayn fəaliyyət göstərir. Onlardan 7-si "Aqrolizinq" ASC-nin Qax rayon bölməsinin, 12-si isə digər rayon bölmələrindən müvəqqəti olaraq cəlb edilən texnikadır.
Bununla yanaşı, biçin prosesinə hüquqi və fiziki şəxslərə məxsus 27 kombayn da cəlb olunub. Mövcud texnika parkı məhsulun vaxtında yığılmasını təmin etməyə və biçin kampaniyasının yaxın günlərdə tam başa çatdırılmasına imkan yaradır.