Bu gündən Rusiya Ermənistanda istehsal olunan süd məhsullarının idxalına məhdudiyyət tətbiq edəcək
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətidən (“Rosselxoznadzor”) bildirilib ki, qurum Ermənistanın Qida Təhlükəsizliyi üzrə Müfəttişlik Orqanından yerli istehsalçıların Rusiya bazarına ixrac etdiyi süd məhsulları üçün baytarlıq sertifikatlarının verilməsini dayandırmağı tələb edib.
Qeyd olunub ki, qərar iyulun 14–21-də Ermənistanın süd emalı müəssisələrində aparılan yoxlamaların nəticələrinə əsasən qəbul edilib. Rusiya tərəfinin məlumatına görə, yoxlamalar zamanı 2023–2024-cü illərdə aşkar edilmiş bir sıra pozuntuların təkrarlandığı müəyyən olunub.
“Rosselxoznadzor”un açıqlamasında bildirilir ki, pozuntular məhsulların mənşəyinin izlənilməsi, xammal və hazır məhsullar üçün baytarlıq sənədlərinin rəsmiləşdirilməsi, daxil olan xammalın sanitar ekspertizasının aparılması, risklərin idarə olunması və istehsala nəzarət proqramlarının icrası ilə bağlıdır.
MONETAR.AZ