Qualcomm çiplərin qiymətlərini artırır: smartfon və noutbuklar bahalaşa bilər

Qualcomm çiplərin qiymətlərini artırır: smartfon və noutbuklar

Qualcomm smartfon, noutbuk və digər elektron cihazlar üçün istehsal etdiyi çiplərin qiymətlərini artırmağa hazırlaşır. Bloomberg-ə istinadən The Verge nəşrinin yaydığı məlumata görə, şirkət artıq müştərilərini sentyabrdan etibarən qüvvəyə minəcək yeni qiymət siyasəti barədə məlumatlandırıb.

Məlumata əsasən, Qualcomm tərəfdaşlarına göndərdiyi bildirişdə çiplərin qiymətlərinin iki rəqəmli faiz həcmində, yəni 10%-dən çox artırılacağını açıqlayıb. Yeni tariflər 1 sentyabrdan sonra göndəriləcək məhsullara şamil ediləcək.

Şirkət qiymət artımını qlobal komponent qıtlığı və təchizat zəncirində yaranan əlavə xərclərlə əlaqələndirib. Qualcomm bildirir ki, indiyədək bu xərcləri öz hesabına kompensasiya etməyə çalışsa da, artıq bunu davam etdirmək mümkün deyil. Bundan əvvəl alternativ komponent təchizatçıları tapmaq üçün müxtəlif variantların da nəzərdən keçirildiyi qeyd olunub.

Analitiklərin fikrincə, qərar son istehlak bazarında da özünü göstərə bilər. Qualcomm-un prosessor və modemləri Samsung-un flaqman smartfonlarında, yeni nəsil qatlanan telefonlarda, süni intellekt dəstəkli ağıllı eynəklərdə, həmçinin Windows əsaslı noutbuklarda geniş istifadə olunduğundan, qiymət artımı bu məhsulların maya dəyərinə və pərakəndə satış qiymətlərinə təsir göstərə bilər.

Bununla belə, Qualcomm bu addımı atan yeganə istehsalçı deyil. Məlumata görə, komponent çatışmazlığı son aylarda texnologiya sektorunda bir sıra şirkətləri oxşar qərarlar verməyə məcbur edib. Artıq Xbox oyun konsolları, Raspberry Pi platformaları, Apple məhsullarının böyük hissəsi, eləcə də Samsung və Google smartfonları bu tendensiyadan təsirlənib.

Bəzi istehsalçılar isə artan xərcləri kompensasiya etmək üçün yalnız qiymətləri yüksəltməklə kifayətlənməyərək, cihazların texniki xüsusiyyətlərini sadələşdirir, bəzi modellərin bazara çıxarılmasını gecikdirir və ya tamamilə ləğv edirlər. Bu isə qlobal elektronika bazarında təchizat problemlərinin hələ də tam həll olunmadığını göstərir.

MONETAR.AZ